...

İstanbul macəraları: Dünyaca məşhur top-model Karolina Kurkovadan Azərbaycandakı pərəstişkarlarına ismarıc: "necəsiniz?" (III HİSSƏ-FOTO)

Mədəniyyət Materials 8 Aprel 2011 11:54 (UTC +04:00)
İstanbulun gecə həyatı... Türkiyədə olduğum müddət ərzində qarşıma daha bir məqsəd qoymuşdum. Qardaş ölkənin şou-biznes nümayəndələrindən heç olmasa bir neçəsinin yaşadığı gecə həyatının bəzi məqamlarını işıqlandırmaq (üçüncü günün macəraları haqqında yazı tam hazır olmadığı üçün birbaşa gecə çəkmiş olduğum tədbirlərin birindən hazırladığım reportajı diqqətinizə çatdırıram - Ş.C.).
İstanbul macəraları: Dünyaca məşhur top-model Karolina Kurkovadan Azərbaycandakı pərəstişkarlarına ismarıc: "necəsiniz?" (III HİSSƏ-FOTO)

Türkiyə, İstanbul,, 8 aprel /Trend, müxbir Ş.Cavadsoy/

İstanbulun gecə həyatı... Türkiyədə olduğum müddət ərzində qarşıma daha bir məqsəd qoymuşdum. Qardaş ölkənin şou-biznes nümayəndələrindən heç olmasa bir neçəsinin yaşadığı gecə həyatının bəzi məqamlarını işıqlandırmaq (üçüncü günün macəraları haqqında yazı tam hazır olmadığı üçün birbaşa gecə çəkmiş olduğum tədbirlərin birindən hazırladığım reportajı diqqətinizə çatdırıram - Ş.C.).

"Akkaya Production"ın rəhbəri Əhməd Akkaya populyar türk müğənniləri - Özcan Deniz, Mahsun Kırmızıgül, Hakan Altun və başqa sənətçilərlə dost münasibətində olduğu üçün onun köməyindən yararlanıb, bu istəyimi gerçəkləşdirmək ən ideal variant idi. Sağ olsun, istər bu sadaladığım ulduzlar, istərsə də başqa müğənnilərin menecerləri ilə telefon əlaqəsi qurub onlara Azərbaycan jurnalistinin gəldiyini deyib mənimlə görüşmək üçün vaxt ayırmalarını istədi.

Mahsun və Özcanın çalışdığı prodüser mərkəzinin əməkdaşları ikisinin də gərgin iş rejimində fəaliyyət göstərdiklərini əsas gətirib, reportaj hazırlamağı gələn həftəyə qədər təxirə salmağı təklif etdilər. Vaxtımın məhdud olduğunu nəzərə alıb, daha başqa müğənnilərlə danışmasını istədim. Amma deyəsən, təlaşlanmağıma heç bir əsas yox idi. Əhməd bəyin dilindən "Hakan Altunun meneceri Ömər Çakmakçı ilə danışdım. Hakan bu gecə Ortaköydə yerləşən "Mix club"da səhnəyə çıxacaq. Amma konsertin vaxtı çox gec olacaq - saat 01:00-da". Öncə bu istəyimi gerçəkləşdirə bilməyəcəyimi Akkayaya desəm də, sonda telefonla zəng edib gedəcəyimi söylədim (Bu arada vurğulayım ki, Nişantaşında olduqca lüks mənzildə yaşayan model dostum Günay Musayeva ilə görüşümüz də elə həmin gün baş tutdu. Günay, İstanbulu yaxından tanımağımda yetərincə zəhməti olmuş türk prodüseri Kemal Cenk İçtenlə birgə məni evinə qonaq çağırdı. Və Cenk bəy yeni bir türk komediya filmini izləməkdən ötrü kinoteatra getsə də, mən biletim ola-ola onunla ürəkdən gülməyə gedə bilmədim. Qardaş ölkədə olduğum müddət ərzində təkcə bu hadisə Cenk bəylə aramızda yaşanan kiçik narazılığa səbəb oldu. Və yaşda məndən böyük qardaşım olduğundan incikliyi aradan götürüb, bir neçə saatdan sonra özüm ona zəng etdim. Musayevanın mənzilində elə maraqlı fotosessiya etdik ki, bu barədə yaxın günlərdə sizə maraqlı fotosessiya təqdim edəcəyəm - Ş.C.).

Günay məni Beşiktaş rayonunun Ortaköy məhəlləsində yerləşən məhşur balıq restoranlarından birinə apardı. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, model xanım İstanbula gəldiyim vaxt Uludağda yerləşən istirahət mərkəzlərinin birində tətilə getmişdi. Lakin istirahətini yarımçıq qoyub yenidən İstanbula qayıtdı. Sağ ol deməkdən başqa nə yaza bilərəm ki? Axşam yeməyini bitirən ərəfədə Bakıdan gəzməyə gəlmiş daha bir rəfiqəsi ilə telfonda danışır və çox keçmir o da bizim masamızda əyləşir. Saatın əqrəbləri 23:40-ı göstərəndə Günaydan xahiş etdim ki, konsertə gecikməməkdən ötrü məni heç olmasa "Mix club"a yaxın bir əraziyə qədər aparsın. Təəccübünü gizlətməyən model "axı, təkbaşına gecə vaxtı nə edəcəksən? Yaxşısı odur ki, hotelə gedəsən" dedi. Sözlərində həqiqət olduğu üçün Günaya "mən bura reportajlar hazırlamaq üçün gəlmişəm, istirahəti yazılarımı yazdığım zaman edərəm" deyib, zarafatımdan da qalmadım (bəli, doğrudan da o günləri yadıma salıb, böyük məhəbbətlə bu ürəyimdə dolub-daşan sözləri kompüterin klavyaturasında yazıb sizinlə paylaşıram - Ş.C.).

Konsertin keçirələcəyi məkana gəlişimiz haradasa 30 dəqiqə vaxt apardı. Cəmi 45 dəqiqədən sonra Hakan Altunla görüşmək istəyimin reallaşacağını düşünüb içəri daxil oluram. Mühafizə xidmətinin əməkdaşları müğənninin musiqiçiləri ilə əlaqə saxlamağımı məsləhət bilir. Ömər bəy hələ kluba gəlmədiyi üçün eyni komandada çalışdığı iki gənclə söhbətimə başlayıram. Adlarını unutsam da etdikləri yaxşılığı əsla yadımdan çıxartmaram. Onlardan öyrənirəm ki, bəs Hakan Altun səhnəyə bir saat gec, yəni gecə saat 02:00-da çıxacaq. "Qardaş, sən yaxşısı budur ki, elə də uzaqda olmayan Kuruçeşmə məhəlləsindən katerə minib, Boğaz sahilində yerləşən Su adasına gedəsən. Bu dəqiqələrdə orada "Fashion TV"nin tədbiri keçirilir. Həm tanınmış modelləri, həm də müğənnilərdən kimlərisə görərsən", - dedilər.

Ağılabatan məsləhət olduğu üçün vaxt itirməməkdən ötrü dərhal taksiyə minib, Su adasına tərəf yol aldım. Sahil kənarı mühafizə xidmətinin əməkdaşları ilə ciddi şəkildə qorunsa da katerin dayandığı yerə qədər gəlib çıxmağa müvəffəq oldum. Öyrəndim ki, saat 22:00 radələrində başlayan tədbir artıq sona çatmaq üzrədir. Bu səbəbdən adanı tərk edən qonaqların fotolarını çəkməyi qarşıma məqsəd qoydum. Və çox keçmədi ki, məşhur top-model Karolina Kurkova məkanı tərk edən insanların toplaşdığı kiçik gəmidə göründü. Türk dilində demək olar ki, danışa bilməyən modelə Azərbaycandan gəldiyimi söylədim. 26 yaşlı Kurkova, deyəsən, Azərbaycan və Bakı haqqında da çox informasiyaya malik deyildi. Və rus dilində izah etməyə çalışdım ki, onun Bakıda yetərincə pərəstişkarları var. Onlara hansısa ismarıc göndərə bilərmi? Göndərdi də. Axır ki, "necəsiniz?" sözünü onun dilindən səsləndirə bilməyin öhdəsindən gəldim.

Tanınmış model haqqında qısaca məlumat verim ki, 1984-cü ildə Çexoslovakiyada dünyaya gəlmiş Karolina ilk dəfə podiuma 17 yaşında çıxıb. Dəfələrlə dünyaca məşhur "Vogue" və "Victoria's Secret" jurnallarının üz qabıqlarında fotoları yayımlanıb. Bədən ölçüləri 84-58.5-87.5-dir. Boyu 1.80 sm, çəkisi 59 kilodur. Karolinadan başqa, digər türk və əcnəbi modelləri də çəkmək fürsətini əldən qaçırtmadım. Su adasında yerləşən məkandan çox katerdə etdiyim fotosessiyalarda modellərin xoş münasibəti ilə qarşılaşmaq xoş oldu mənim üçün...

Beləcə "Fashion TV"nin top-modelin şərəfinə verdiyi axşam yeməyinin keçirildiyi məkandan ayrılıb saat 01:50 radələrində yenidən "Mix club"a qayıdıram. Hakan Altunun konsertində gördüklərim haqqında isə daha ətraflı "İstanbul macəraları"mın IV buraxılışında tanış ola bilərsiniz...

(ardı var)

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti