...

Müğənni Zarina Türkiyədə gördüyü uğurlu işləri Bakıda təqdim etdi (Video-Foto)

Mədəniyyət Materials 29 Sentyabr 2011 18:46 (UTC +04:00)
"Azəri Star" mahnı müsabiqəsinin qaliblərindən biri kimi tanınan estrada müğənnisi Zarina bir neçə aylıq fasilədən sonra Türkiyədə gördüyü yaradıcılıq işləri barədə yerli media mənsubları qarşısında hesabat verdi.
Müğənni Zarina Türkiyədə gördüyü uğurlu işləri Bakıda təqdim etdi (Video-Foto)

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/

"Azəri Star" mahnı müsabiqəsinin qaliblərindən biri kimi tanınan estrada müğənnisi Zarina bir neçə aylıq fasilədən sonra Türkiyədə gördüyü yaradıcılıq işləri barədə yerli media mənsubları qarşısında hesabat verdi.

Qardaş ölkədən əlidolu qayıdan müğənni "Prome Organizasyon" şirkəti ilə imzaladığı müqavilə əsasında "Delilik" adlı ilk albomunu hazırlatdırıb. 5 mahnının yer aldığı albomda yalnız bir Azərbaycan mahnısı var ki, bu da sözləri Baba Vəziroğluna, musiqisi Kamala məxsus olan "Doğum günü" mahnısıdır. Mahnının sözləri İsra Gülümser tərəfindən türk dilinə çevrilib.

Albomun adı verilmiş "Delilik" mahnısına isə Türkiyənin tanınmış rejissoru Murat Onbul tərəfindən klip çəkilib. Ərəb musiqiçi Əmr Mustafanın yazdığı mahnıya İsra Gülümserin sözləri əsasında ritmik musiqi ərsəyə gətirilib. Mövzu dəlilikdən bəhs olunsa da, süjet xəttində ruhun azadlığından əsər-əlamət yox idi.

Tədbirin təşkilatçısı və Zarinanın prodüseri Hamlet Cahangirovun təşəbbüsü ilə baş tutan tədbirdə tanınmış radio-DJ İlahə Şıxlinskaya aparıcı kimi çıxış edirdi. Səbəbkar haqqında ətraflı məlumat verən İlahə bildirdi ki, Azərbaycan şou-biznesində fərqli dəsti-xəttə sahib olmaq, həmkarlarından seçilmək Türkiyədə uğurla gördüyü işlərini təqdim edən Zarinanın əsas hədəflərindən biridir.

Onun açıqlamasının ardınca Hamlet də söz verdi ki, əməkdaşlığa yeni başladığı müğənni ilə yalnız irihəcmli layihələr hazırlamağı qarşılarına məqsəd qoyub.

Çoxsaylı sualların cavabında Zarina da susmadı. Milli Konservatoriyanın tələbəsi kimi xalq artisti Aygün Bayramovadan muğam dərslərini davam etdirdiyini vurğulayaq, sənətə təsadüf nəticəsində gəlmədiyindən ətraflı şəkildə danışdı. "Çox müğənnilər deyir ki, uşaq yaşlarından səhnəyə çıxıb. Amma sübut lazım olanda heç bir foto və ya videomaterial nümayiş etdirə bilmirlər. Amma mən həqiqətən uşaq yaşlarımdan sevdiyim sənətə gəlmişəm. 9 yaşımdan bu günə kimi oxuyuram. Əsl sənətim xanəndəlik olsa da, estrada musiqilərinə də biganə qala bilmirəm. Türkiyədə yaradıcılıq işlərimi davam etdirməyə gəldikdə isə sadəcə bu bir layihə idi və mən də dəyərləndirdim. Çalışdığım musiqi şirkəti ilə yalnız bu alboma görə müqavilə bağlamışam. Razılığa əsasən, Türkiyədə satışa çıxarılmış disklərdən mənə heç bir qonorar ödənilməyəcək. Bu o demək deyil ki, mən başqa şirkətlə əməkdaşılıq qura və ya onların icazəsi olmadan Türkiyədə işlər görə bilmərəm. Maraqlı və yaxşı şərtlər olacağı təqdirdə, ediləcək təkliflərə yox demərəm", - Zarina dedi.

Mətbuat konfransının özəlliklərindən biri də tədbirə qatılan jurnalistlərə nəfis tərtibatda hazırlanan səbətlərin hədiyyə olunması idi. Qızılgüllərlə bəzədilən səbətlərin hər birində Zarinanın foto və mahnıları olan CD, klipin yer aldığı DVD ilə yanaşı, ətir və şokolad qutuları toplanmışdı. Hədiyyə çələnginin hazırlanması Zarinanın prodüseri Hamletə məxsus idi.

Bir saatdan artıq davam edən mətbuat konfransının gedişatında müğənni muğamı mükəmməl bildiyini də jurnalistlərə əyani şəkildə nümayiş etdirdi. Xalq mahnılarımızdan birini canlı olaraq ifa edən Zarina media mənsublarının sürəkli alqışları ilə mükafatlandırıldı. Sonda səbəbkar söz verdi ki, bundan sonra media mənsubları ilə tez-tez təmasda olub, yaradıcılıq uğurları barədə onları məlumatlandırmaqda davam edəcək.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti