...

"Eurovision 2012"-nin təbliği ilə əlaqədar ARDNŞ-nin Rumıniyadakı nümayəndəliyi tədbir keçirib

Mədəniyyət Materials 27 Mart 2012 17:01 (UTC +04:00)
"Eurovision 2012" müsabiqəsinin təbliği ilə əlaqədar ARDNŞ-nin Rumıniyadakı nümayəndəliyi tədbir keçirib
"Eurovision 2012"-nin təbliği ilə əlaqədar ARDNŞ-nin Rumıniyadakı nümayəndəliyi tədbir keçirib

Azərbaycan, Bakı, 27 mart /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin cari il 21-26 may 2012-ci il tarixlərində Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsinin rəsmi tərəfdaşı elan edilməsi ilə əlaqədar olaraq, ARDNŞ müsabiqənin təbliği istiqamətində dünyanın bir çox ölkələrində tədbirlər keçirir. Belə tədbirlərdən biri də şirkətin Rumıniya nümayəndəliyi tərəfindən Buxarest şəhərində olub.

Trend bazar ertəsi ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Novruz bayramı münasibətilə keçirilmiş tədbirdə Türkiyə, Pakistan, Qazaxıstan və Türkmənistanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfirləri, Azərbaycanın Rumıniyadakı səfirliyinin əməkdaşları, dost ölkənin Nəqliyyat, İqtisadiyyat və Xarici İşlər nazirliklərinin, Xarici İnvestisiyaların Qorunması Aqentliyinin təmsilçiləri, Rumıniyada kommersiya fəaliyyəti göstərən "SOCAR Petroleum SA" şirkəti ilə əməkdaşlıq edən bir çox şirkətlərin rəhbərləri, eləcə də yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbir zamanı Azərbaycanın zəngin tarixi və mədəniyyətindən ətraflı danışılıb, "Eurovision 2012" mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsindən məmnunluq ifadə edilib, müsabiqənin ən yüksək səviyyədə təşkili, iştirakçı və qonaqların Bakıdan xoş təəssüratlarla ayrılmaları üçün bütün səylərin göstəriləcəyinə əminlik bildirilib.

Sonda Azərbaycan və Rumıniya müğənniləri konsert proqramları ilə çıxışlar edib, "Eurovision 2012" mahnı müsabiqəsində Rumıniyanı təmsil edəcək "Mandinga" qrupunun ifası dinlənilib.

Tədbir Rumıniya KİV-ində böyük maraq doğurub.

Xəbər lenti

Xəbər lenti