Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir İ.İsabalayeva/
Moldovada keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində paytaxt Kişinyov şəhərinin mərkəzində əsaslı yenidənqurma və bərpadan sonra dahi şair Nizami Gəncəvinin adını daşıyan parkın açılışı olub.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, parkın yenilənmiş görkəmində şairin büstü də var.
Qeyd edək ki, Moldovada noyabrın 11-də başlayan Azərbaycan Mədəniyyəti Günləri ayın 15-dək davam edəcək. Zəngin proqramı olan tədbirlərdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərliyi ilə 50 nəfərlik ibarət nümayəndə heyəti iştirak edir.
Parkın təntənəli açılış mərasimində Moldovanın tanınmış ziyalıları, incəsənət xadimləri, şair və yazıçılar, heykəltəraşlar, dövlət və hökumət nümayəndələri, səfirlər iştirak ediblər.
Mərasimdə Moldova-Azərbaycan Konqresinin prezidenti Vüqar Novruzov Kişinyov şəhərinin mənzərəli guşəsində belə bir istirahət parkının açılşını əlamətdar hadisə kimi qiymətləndirib. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə şairin 870 illik yubileyinin qeyd olunduğu ildə belə bir parkın yenidən istifadəyə verilməsi yubiley tədbirlərinə bir töhfədir.
Tədbirdə Moldovanın mədəniyyət naziri Boris Fokşa, Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev, Moldovanın tanınmış ziyalıları çıxış ediblər.