...

"Bu gün mən bura sizinlə görüşə gəldim" - Yaşar Nuri son mənzilə alqışlarla yola salındı (FOTO-2)

Mədəniyyət Materials 22 Noyabr 2012 15:13 (UTC +04:00)
"Bu gün mən bura sizinlə görüşə gəldim. Sizin alqışlarınızı bir daha eşitmək üçün gəldim. Bu dünya heç kimə qalmır, heç kim bu dünyadan heç nə aparmır, öz sənəti ilə yadda qalır..." Trend-in məlumatına görə, bu gün səhər saatlarında dünyasını dəyişmiş xalq artisti Yaşar Nuri ilə vida mərasimi onun 60 illik yubileyində çıxışı zamanı söylədiyi bu fikirlərlə başladı.
"Bu gün mən bura sizinlə görüşə gəldim" - Yaşar Nuri son mənzilə alqışlarla yola salındı (FOTO-2)

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir İ.İsabalayeva/

"Bu gün mən bura sizinlə görüşə gəldim. Sizin alqışlarınızı bir daha eşitmək üçün gəldim. Bu dünya heç kimə qalmır, heç kim bu dünyadan heç nə aparmır, öz sənəti ilə yadda qalır..." Trend-in məlumatına görə, bu gün səhər saatlarında dünyasını dəyişmiş xalq artisti Yaşar Nuri ilə vida mərasimi onun 60 illik yubileyində çıxışı zamanı söylədiyi bu fikirlərlə başladı.

Alqışlardan sonra vida mərasiminin rəsmi açılışı oldu.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında bildirib ki, 9 yaşından ilk rolunu oynayan Yaşar Nurinin dünyasını dəyişməsi çox ağır itkidir. Qarayev deyib ki, Yaşar Nuri 1974-cü ildən Azərbaycan Dövlət Dram Teatrının aktyoru olub. "Yaramaz", "Yol əhvalatı", "Hər şey yaxşılığa doğru", "Yoxlama", "Bəyin oğurlanması" kimi məşhur filmlərdə, "Yarımştat", "Göz həkimi", "Kişilər" kimi teletamaşalarda rol alıb.

Mərhum sənətkarla 34 il bir səhnəni paylaşmış Firəngiz Mütəllibova vida mərasimində bildirib ki, bu xəbəri eşidəndə şoka düşüb.

"Yaşar Nuri mənim arxam, görən gözüm idi. Bu gün mən onun böyüklüyü, ruhu qarşısında baş əyirəm. O, heç vaxt əvəz oluna bilməz", - Mütəllibova deyib.

Rejissor Vaqif Mustafayev Yaşa Nurinin ölümü ilə bir dostunu itirdiyini deyib.

"Bu gün bizim üçün ikiqat itkidir. Çünki o, həm görkəmli sənətkar, həm də görkəmli şəxsiyyət idi. Ancaq bu gün məni bir şey sakitləşdirir. Onun rolları onu yaşadacaq", - Mustafayev bildirib.

Vida mərasimindən sonra Yaşar Nuri son mənzilə alqışlarla yola salındı.

Mərhum 2-ci Fəxri xiyabanda dəfn olunub.

Qeyd edək ki, uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında dünyasını dəyişmiş Azərbaycanın xalq artisti Yaşar Nurinin onun çalışdığı Akademik Milli Dram Teatrında vida mərasimi keçirilib.

Yaşar Nuri 2008-ci ilin mayında İstanbul klinikasında qaraciyərindən əməliyyat olunmuşdu. Aktyor 2009-cu ilin sonu - 2010-cu ilin əvvəlində İstanbulun Memorial xəstəxanasında müalicə alıb. Ötən ilin noyabrında onun səhhəti yenidən pisləşib. Bu dövr ərzində iki dəfə İstanbuldakı Amerika xəstəxanasına yerləşdirilib, Bakıda Mərkəzi Gömrük Hospitalında müalicə alıb.

Yaşar Nuri 1951-ci il sentyabrın 3-də Bakı şəhərində, məşhur artist M.Nuriyevin ailəsində anadan olub. 1972-ci ildə Yaşar Nuri M.A.Əliyev adına Azərbaycan Teatr İnstitutunu bitirib.

Yaşar Nuri 1989-cu ildən bəri Azərbaycanın xalq artistidir. Azərbaycanın "Şöhrət" ordeni ilə təltif olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti