...

Azərbaycanın milli filmləri orta məktəblərin və universitetlərin tədris proqramına daxil edilməlidir?

Mədəniyyət Materials 2 Avqust 2013 09:47 (UTC +04:00)
Milli Kino Günü ərəfəsində bu gün kino sənətimizin mövcud vəziyyəti və üzləşdiyi problemlər müxtəlif prizmalarda müzakirə olunur.
Azərbaycanın milli filmləri orta məktəblərin və universitetlərin tədris proqramına daxil edilməlidir?

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir İ.İsabalayeva/

Milli Kino Günü ərəfəsində bu gün kino sənətimizin mövcud vəziyyəti və üzləşdiyi problemlər müxtəlif prizmalarda müzakirə olunur. Müasir kino sənətimiz cəmiyyət həyatının reallığını, yaşantılarını nə dərəcədə özündə əks etdirir, günün çağırışlarına cavab verən ssenariyalar yaranırmı? Trend bütün bunlar və ümumiyyətlə, kino sənətinin sosial mədəni aspektlərini sosiologiya elmləri doktoru, "Aktual" Elmi-Sosioloji Araşdırmalar Mərkəzinin rəhbəri, Türkiyənin Üsküdar Universitetinin dosenti Əbülfəz Süleymanlı ilə müzakirə etib.

- Əbülfəz müəllim, kinonun sosioloji aspektləri haqqında nə deyə bilərsiniz? Hazırda Azərbaycan kino sənətinin sosial mədəni vəziyyətini necə qiymətləndirmək olar?

- Sosioloji baxımdan kinonun xüsusilə təbliğat vasitəsi kimi çox böyük əhəmiyyəti var. Təsadüfi deyil ki, böyük dövlətlər dünən də, bu gün də kino sənətinin inkişafına çox böyük vəsait ayıraraq həm kinonun maddi bazasını möhkəmləndirib, həm də bu sahədə kadrların yetişməsi üçün böyük məktəblər yaradıblar. Eyni zamanda, kino sənəti ideoloji mübarizə sahəsində təsirli bir silah, bir ölkənin başqa bir ölkəyə öz dəyərlərinin transformasiyası üçün güclü təbliğat vasitəsi kimi istifadə olunub. Bununla bağlı bir türk rejissorun etiraflarını yada salmaq yerinə düşərdi. 70-ci illərin çəkilən türk filmlərinin məşhur rejissoru xarici fondlardan birinin nümayəndəsinin ona baş qəhrəmanın evə ayaqqabı ilə daxil olması səhnəsini çəkməsi üçün külli miqdarda pul təklif etdiyini etiraf edib. Çünki bu yolla uzun illər formalaşmış bir ənənənin dəyişdirilməsinə nail olmaq mümkün olacaqdı. Təəssüflə qeyd etmək lazımdır ki, son illər Azərbaycan kino sənətində bir durğunluq yaşanır və son dövrlər çəkilən filmlər bir çox səbəbdən geniş tamaşaçı kütləsinin, ələlxüsus da gənclərin diqqətini çəkmir, onların rəğbətini qazana bilmir. O boşluğu isə xarici filmlər, seriallar, başqa və fərqli mədəniyyətin dəyərlərini, həm də kommersiyalaşmış və bayağı dəyərlərini özündə əks etdirən filmlər doldurur. Eyni zamanda, zorakılığın, cinsi istismarın geniş şəkildə təbliğ olunduğu bu qəbilədən olan filmləri izləyən gənclik həm ülvi duyğulardan uzaqlaşır, öz dəyərlərinə qarşı yadlaşır, təcavüzə meyilli olurlar, həm də hədsiz və israfçı istehlaka sövq olunurlar. Bu gün cəmiyyətdə gənclər arasında zorakılığın artmasında, praqmatik və mənfəətçi düşüncə tərzinin formalaşmasında bu filmlərin rolu heç də az deyil. Ona görə də hesab edirəm ki, yeni nəsillərin daha düzgün tərbiyəsi üçün milli, ənənəvi filmlərimizi izləmələrinə nail olmaq lazımdır.

- Siz "milli filmlərin izlənməsinə nail olmalıyıq" deyirsiniz. Amma yeni nəsil bu filmləri izləmir, bu filmlər onların marağını çəkmir. Sizcə, bunun səbəbi nədir və bu filmləri onlara necə izlətmək olar?

- Bəli, bu bir həqiqətdir ki, o dövrdə çəkilmiş filmlər müasir uşaqların, yeniyetmələrin və gənclərin bir o qədər də diqqətini çəkmir, maraqlarına səbəb olmur. Bunun da obyektiv səbəbləri var. Belə ki, müasir uşaqlar ən son texnologiyalardan istifadə olunmuş xüsusi səhnə effektləri olan daha hərəkətli filmlərə vərdiş ediblər. Ona görə də onlara bu cür həyati filmlər cəzbedici gəlmir. Lakin bu filmlər xalqımızın həyatının, məişət xüsusiyyətlərinin, estetik zövqünün, bir sözlə, milli simasının, mənliyinin çoxlu elementlərini özündə ehtiva edir. Hər nə qədər bu filmlərdə o dövrün ideoloji ştrixləri özünə yer tapsa da, bu filmlər xalqımızın mənəvi sərvətinə çevrilib və gələcək nəsillərin də bu sərvətdən istifadə etmələrinə nail olmaq lazımdır. Ona görə də müxtəlif üsullardan istifadə edərək bu filmlərin yeni yetişən nəsillər tərəfindən izlənilməsinə çalışmalıyıq. Bunun mümkün olan ən optimal yollarından biri orta məktəb və hətta universitetlərimizin tədris proqramlarına milli retro filmlərin daxil edilməsidir. Bunu ədəbiyyat, tarix, insan və cəmiyyət kimi dərslərin tərkibində etmək mümkündür. Hətta ayda bir dəfə "Milli filmlərimiz" adı altında xüsusi məşğələ saatlarının da dərs cədvəlinə salınması məqsədəuyğundur. Bunu bu filmləri dərs əsnasında diskdən və yaxud internet vasitəsilə bir yerdə izləyib oradakı hadisələri və qəhrəmanları qarşılıqlı müzakirə etmək vasitəsilə təşkil etmək olar. Bunu ev tapşırığı kimi də etmək mümkündür. O zaman şagirdlərin evdə internet və kompyuter qarşısında səmərəli vaxt keçirmələrinə də nail olarıq. Bu filmlər həm milli-mənəvi dəyərlərin, həm də yeni yetişən nəsillərin bədii-estetik zövqünün inkişafına öz müsbət töhfəsini verəcək.
Bu gün çoxları yeni nəslin zəhmətli işlərdən uzaq durduğu, "hazıra nazir" olduqlarından gileylənirlər. Hesab edirəm ki, bu məsələdə də milli filmlərimizin köməyinə müraciət etmək lazımdır. Məsələn, bu əməyə sevgini aşılayacaq möhtəşəm bir filmimiz var - "Şərikli çörək". Bu film vasitəsilə məktəblilərə həm ağır şəraitdə, ekstremal vəziyyətdə insanların necə həmrəylik nümayiş etdirdiklərini, son tikələrini necə bir-birləri ilə bölüşdüklərini əyani şəkildə göstərmək, həm də o balaca qəhrəmanın timsalında zəhmətə, əməyə sevgi hissinin formalaşmasına kömək etmək olar.

Eyni zamanda, bu filmlər həm də şagirdlərin ixtisas seçiminə, peşə sevgisinin inkişafına da kömək edəcək. Misal üçün, götürək "Bizim Cəbiş müəllim" filmini. Bu film vasitəsilə şagirdlərə həm çətin və keşməkeşli illərdə məktəblilərin necə ağır şəraitdə dərs keçdiklərini əyani şəkildə göstərmək, həm də cəmiyyətdəki həmrəylik duyğularını, gözəl müəllim nümunəsinin bir çox elementlərini aşılamaqla onlarda müəllimlik peşəsinə sevgi hissi yaratmaq olar. Hesab edirəm ki, bu filmi universitetlərin pedaqoji fakültələrində yeni yetişən gənc müəllimlərimizə, həm də müəllimlərin ixtisasartırma kurslarında bütün yaş kateqoriyasından olan müəllimlərə dəfələrlə izlətmək lazımdır ki, əsl müəllimin hansı mənəvi keyfiyyətlərə malik olduqlarını yaddan çıxarmasınlar.

Bir sözlə, hər bir mənəvi keyfiyyətin və dəyərin tərbiyəsi üçün uyğun bir film tapmaq mümkündür.

- Yeni çəkilən filmlərin izlənilməsi üçün nə etmək lazımdır? Hansı tədbirlərin görülməsini zəruri hesab edirsiniz?

- Bilirsiniz, xüsusilə 1980-ci illərin sonundan başlayaraq qərbdə istehsal olunan və dəyərlərimizlə, əxlaqi keyfiyyətlərimizlə ziddiyət təşkil edən filmlər tamaşaçıların ixtiyarına verildi. Uzun illər boyu qərbdən idxal olunan və kütlə mədəniyyətinin tərkib hissəsi olan bu filmlər vasitəsilə fərqli qəhrəman tipi yeni gəncliyin təhtəlşüuruna həkk olundu. Belə olan şəraitdə filmlərimizin gəncliyin maraq dairəsinə daxil ola bilməsi üçün milli kinematoqrafiyamızın öz şəxsi qəhrəman nümunələrini kəşf edib ortaya çıxarması lazımdır. Təbiidir ki, bunu başqa ölkələrdəki qəhrəman tiplərinin kor-koranə təqlidi ilə etmək mümkün deyil. İndi dünya kinosunda da get-gedə vizual effektlərdən daha çox insan amilinin əsas götürüldüyü ideya xətti üstünlük təşkil etməyə başlayıb. Bizim kino sahəsində çalışan peşəkarlarımız da bu amili diqqətə almalıdırlar. Bunun üçün də ssenari müəlliflərimizin, yazarlarımızın üzərinə daha çox məsuliyyət düşür. Digər bir məsələ kadrlarla bağlıdır. Hər kəsə məlumdur ki, xüsusilə, sovet dövründə bizim aktyor sənətimizdə çox böyük nəhənglər yetişib. Lakin keçid dövründə təəssüflər olsun ki, o məktəbin ənənələrini qoruyub saxlaya bilmədik, o dövrdə yetişən sənət adamları isə bir-bir aramızdan köçüb getdi. İndi qarşıda duran vəzifə həmin məktəbi yenidən canlandırmaq və yeni dövrün tələblərinə uyğunlaşdırmaqdır. Bunun üçün, xüsusilə, kadrların hazırlanması sahəsində xeyli iş görülməlidir. Hesab edirəm ki, xaricdə təhsillə bağlı dövlət proqramı çərçivəsində dünyada bu sahədə ad qazanmış məşhur universitetlərə aktyor sənəti üzrə tələbələrin göndərilməsi məqsədəuyğun olardı. Bununla belə, ən ümdə məsələ ölkədə bu sahədəki təhsil fəaliyyətini günün tələblərinə uyğun olaraq yenidən qurmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti