...

Heydər Əliyev Fondunun dəstəyi ilə Yunanıstanda silsilə tədbirlər keçiriləcək

Mədəniyyət Materials 5 İyun 2014 17:48 (UTC +04:00)
Fonddan Trend-ə bildiriblər ki, bu il Fondun və Azərbaycanın Yunanıstandakı səfirliyinin dəstəyi ilə Qərb sivilizasiyasının beşiyi sayılan Yunanıstanda silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Heydər Əliyev Fondunun dəstəyi ilə Yunanıstanda silsilə tədbirlər keçiriləcək

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Heydər Əliyev Fondunun beynəlxalq fəaliyyət dairəsi genişlənir.

Fonddan Trend-ə bildiriblər ki, bu il Fondun və Azərbaycanın Yunanıstandakı səfirliyinin dəstəyi ilə Qərb sivilizasiyasının beşiyi sayılan Yunanıstanda silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

İlk tədbir iyunun 6-da Afinada, Meqaro Musikis Musiqi Kompleksində baş tutacaq. Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Yunanıstan paytaxtının ən böyük musiqi salonunda maraqlı konsert proqramı ilə çıxış edəcək. Klassik musiqi axşamında Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Cahangir Cahangirovun, Niyazinin, Vaqif Mustafazadənin əsərləri ilə yanaşı, Astor Piazolla, Pablo de Sarasate, Ernesto de Kurtis kimi dünya şöhrətli musiqiçilərin əsərləri səslənəcək. Konsertin baş dirijoru xalq artisti Teymur Göyçayevdir.

İlk tədbir geniş informasiya dəstəyi ilə gerçəkləşir. Xüsusi informasiya bazasında yaradılmış http://www.azerbaijani-culture.gr saytı Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini, eləcə də Yunanıstanda nəzərdə tutulan silsilə tədbirləri geniş işıqlandırmaq məqsədi daşıyır. Bu tədbirlərə dəvətnaməni sayt vasitəsilə onlayn rejimdə əldə etmək mümkündür.

Konsertdən əvvəl qonaqlar Heydər Əliyev Fondu tərəfindən son illərdə çap olunmuş müxtəlif nəşrlərlə tanış olacaqlar. Qədim və zəngin Azərbaycan mədəniyyətindən bəhs edən nəşrlər sırasında Azərbaycan Milli İncəsənət Muzeyinə, musiqi alətlərinə, əlyazmalara, xalq tətbiqi sənətinin müxtəlif növlərinə həsr olunmuş kitablar, pop, caz, muğam və klassik musiqiyə həsr olunmuş disklər, eləcə də Nizami və Məhsətinin əsərlərləri təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti