Nizami Kino Mərkəzində noyabrın 13-dən etibarən ABŞ istehsalı olan "Sevgili Rozi" və Almaniya ilə Boyük Britaniyanın birgə istehsalı olan "Uidji lövhəsi" adlı filmlərin nümayişinə başlanıb.
"Sevgili Rozi" filmini Culyett Tauxidinin ssenarisi əsasında rejissor Kristian Ditter komedik melodram janrında çəkib. Yaş məhdudiyyəti: 12+
Rozi və Aleks yaxın dostlardır. Aleks ailəsi ilə başqa şəhərə köçdükdən sonra hər iki gənc bir-birindən ayrı qala bilmədiyini anlayır və görüşüb ilk gecələrini bir yerdə keçirməyi qərara alırlar. Lakin reysə gecikən Aleks Rozini yanlış addım atmağa vadar edir. Rozi başqa biri ilə bir yerdə olur. İki gəncin həyatı tamam dəyişir. Amma uzun illər keçsə də, onlar aralarında olan bağlılığı itirmirlər.
Filmdəki rollara Sem Klaflin, Lili Kollinz, Suki Uoterhaus, Temzin Ejerton, Art Parkinson, Kristian Kuk, Cemi Uinston, Lili Leyt, Nik Li, Ceyk Menli və başqa aktyorlar çəkiliblər.
"Uidji lövhəsi" filmini rejissor Stayls Vayt dəhşət janrında çəkib. Filmin yaş həddi: 16+
Bir qız qədim masa oyunu olan Uidji lövhəsi ilə ruhları çağırır, baş verənləri kameraya çəkir və bundan sonra qəribə şəkildə ölü tapılır. Yaxın dostları onun ölümündən sonra bu sirri açmaq üçün oyunu araşdırmağa başlayırlar. Amma Uidji lövhəsindən gələn dəhşət qarşısında həyatda sağ qalmaq üçün mübarizə aparmalı olurlar.
Filmdə baş rolları Oliviya Kuk, Ana Koto, Daren Kaqasoff, Byanka A.Santos, Duqlas Smit, Şelli Henni, Syerra Heyermann, Sanni Mey Ellison və başqa aktyorlar canlandırıblar.
Filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin "facebook" səhifəsindən də öyrənmək mümkündür: https://www.facebook.com/NizamiCinema?rf=hl