...

"Balaca” ədəbiyyatın böyük problemləri

Mədəniyyət Materials 8 Aprel 2015 15:42 (UTC +04:00)

Ramilə Qurbanlı

-Sənin qəhrəmanın kimdir?

-Heç kim.

- Niyə Tıq-tıq xanımı, Maşanı sevmirsən?

- Maşanı götürmək olar mənim qəhrəmanım kimi.

- Tıq-tıq xanımı götürmək olmaz?

- Tıq-tıq xanıma bir dəfə baxırsan, sonra maraqsız olur, amma Maşaya hər baxanda yeni hadisələr, dəcəlliklər görürsən, maraqlı olur.

Bunlar 6 yaşlı Banunun bizə verdiyi cavablardır. Bu gün kiçiklər üçün ədəbiyyatımızın böyük problemləri var. Cırtdanın, Məlikməmmədin, Tıq-tıq xanımın, Fatmanın "yetirmələri" olan bizlərin övladları indi Maşaların, Şreklərin, Kayoların, Şirinlərin, Spaydermenlərin, Spanc bobların, nə bilim daha hansı adı da dilimizə yatmayan əcnəbi qəhrəmanların təsiri altında böyüyürlər. Bizim oxuduğumuz ilk ədəbiyyat öz nağıllarımız, sonra S.S.Axundovun "nağılları", daha sonra "Balaca və damda yaşayan Karlson" olardısa, indiki balacalar .... nə oxuyurlar ki, yazam da. Əslində ədəbiyyatdan, kitab oxumaqdan söhbət açmaq istəyirəm, amma uşaqlarımız daha çox cizgi filmlərinə baxdıqları üçün söhbət istər-istəməz səmtini dəyişir.

Problem də elə bundadır - "Uşaq ədəbiyyatının problemləri və onların həlli yolları" mövzusunu çıxartdıq müzakirəyə.

Təlim-tərbiyə kitabdan başlayır

Bilik Fondunun "Fikir şənbəsi" klubunda keçirilən müzakirəni diqqətinizə təqdim edirəm. Müzakirədə fondun icraçı direktoru Oktay Səmədov, Uşaq yazarı, ADU-nun professoru Zahid Xəlil, "Altun" nəşriyyatının direktoru Rafiq İsmayılov, uşaq ədəbiyyatı tənqidçisi Fizuli Əsgərli, "Göyqurşağı" jurnalının redaktoru Sevinc Nuruqızı, uşaq yazrı Reyhan Yusifqızı, Fondun Bakıvə Sumqayıt üzrə nümayəndələri olan məktəb direktorları, könülülər iştirak ediblər.

Oktay Səmədov: İstəyirəm uşaq ədəbiyyatı ilə bağlı bizi narahat edən problemlərdən danışaq, bir yerdəhəlli yollarını araşdıraq. Təlim-tərbiyə ilk növbədə kitabdan - xüsusən uşaq ədəbiyyatından başlayır. Əfsuslar olsun ki, uşaqlar indi kitab haqqında az düşünürlər, onları daha çox mobil telefon, internet maraqlandırır. Hətta bəziləri eyni vəziyyətdə telefonla oynamaqdan az qala sual işarəsinə oxşayırlar. Razılaşarsınız ki, texnologiyalar nə qədər inkişaf etsə də kitab oxumağın əvəzini verə bilmir. Bəlkə də biz kitabın təbliğini təşkil edə bilmirik. Axı, dəyərli uşaq yazarlarımız var. Niyə uşaq ədəbiyyatı ilə bağlı vəziyyət bu qədər problemlidir? Fikrimcə, yay aylarında məktəblərdəkitabxanalar bağlı olmamalıdır, kitablar uşaqlardan yığılmamamlıdır, əksinə, daha da çox kitab verilməlidir şagirdlərə. Slavyan Universitetində Kamal Abdullayev rektor olan vaxt belə bir qayda qoymuşdu - hər bir tələbə imtahandan əvvəl məcburi ədəbiyyat siyahısında olan kitabları oxuyub təhvil verəndən sonra sessiyaya buraxıla bilərdi. Əvvəlcə şikayətlər, narazılıqlar, etirazlar oldu. İndi həmin tələbələr sosial şəbəkələrdə, bizimlə görüşlərində təşəkkür edirlər ki, onları bu üsulla kitaba alışdırmışıq. Bəlkə bu üsul bütün təhsil müəssisələrində tətbiq olunsa yaxşıdır.

Zahid Xəlil: İntellektin mənbəyi kitabdır. Danışıqdan işə keçmək lazımdır, konkret təkliflər verək.Qoy müstəqil uşaq televiziya kanalı olsun, çünki telekanallar həddən artıq şou proqramlara və reklama yer verir. Təklif edirəm ki, Təhsil Nazirliyinin nəzarəti altında məktəblərdə şagirdlər arasındakitablar yayılsın. Məktəblərdəkitab ticarəti ilə də məşğul olan təşkilat yaransın, inanın ki, bu, uşaq ədəbiyyatı sektorunun inkişafına kömək edəcək. Yazıçının işi yazmaqdır, o, yayımla məşğul ola bilmir. Şagirdlər arasında kitabların təbliğinə gözəl bir nümunə gördüm - Bakı şəhərinin 23 nömrəli məktəbində uşaqlar oxuduqları kitabları müzakirə edirdilər, belə müzakirələrdən birinəmən də dəvət olunmuşdum. Biz o müzakirələri sadəcə müşahidə edirdik, bu çox yaxşı tendensiyadır, bütün məktəblərdə uşaqlar arasında belə kitab müzakirələri keçirilsə, yaxşı olar.

Rafik İsmayılov: Uşaq kitabı sektorunda vəziyyət elə də acınacaqlı deyil, xeyli uşaq ədəbiyyatı çap olunur, satışa buraxılır. Cəmiyyətdəki hadisələr kitab sektoruna öz təsirini göstərməyə bilməz. Latın qrafikasına keçəndən sonra gənclər arasında kitaba maraq bir qədər azaldı. İndi sadəcə Cırtdan dövrü deyil, Tom və Ceri dövrüdür, Spaydermenlər dövrüdür. Yazdıqlarımızı uşaqların maraqlarına uyğunlaşdırmalıyıq. Dövlət xətti ilə yeni uşaq ədəbiyyatının çapına kömək etmək lazımdır. Əsas istiqamətlərdən biri də uşaqlarda oxu bacarığını təkmilləşdirməkdir, gənc nəsil o bacarığa yiyələnməlidir.

"Qoğal" dakı aqressiya

Sevinc Nuruqızı: "Fikir şənbəsi"ndə çox mühüm məsələyə toxunmusunuz. Mənə elə gəlir ki, biz problemin həllinə qadağan olunmuş uşaq ədəbiyyatının siyahısını tutmaqdan başlamalıyıq. Bütün xalqlarda qadağan olunmuş nağılların siyahısı var, bizdə bu təcrübə yoxdur. Uşaq hansı nağıl əlinə düşdü, onu da oxuyur. Ruslar 6 yaşa qədər uşaqlara "Qoğalın nağılı"nı oxumurlar, səbəb - orada aqressiya var. Bizsə 5 yaşlı uşağımıza "Məlikməmməd" nağılını danışırıq, oxuyuruq, halbuki,bu nağılda həddən-ziyadə aqressiya var. "Tıq-tıq" xanımın birinci variantını 3 yaşlı uşağa oxumaq olmaz.

Küsdərəcik ha, küsdərəcik

Başına bir daş əndərəcik.

Nagılın ikinci variantını isə oxumaq olar-

Küsdərəcik ha, küsdərəcik

Mən də sənə quyruq göstərəcik.

Bütün xalqlarda nağılları yaş qrupuna bölürlər. Erkən yaşlarda insani hisslər, humanizm aşılayan nağıllar oxunur uşağa. Ögey ananın təsirindən qızını aparıb meşədə azdıran ata obrazı görün uşağa necə psixoloji zərbə vura bilər. Uşaq düşünəcək ki, anam dünyasını dəyişsə, məni də belə aqibət gözləyə bilər, üstəlik ögey anaya qarşı əvvəlcədən antipatiya yaradır bu nağıl. Ailədə ana yoxdursa, uşaqda dərhal ögey anaya nifrət formalaşmağa başlayır.

Uşağın beyni ağ vərəqdir, ona nə yazılsa, ömürlük həkk olunur. Əgər bir sözün yazılışını uşaq yanlış oxuyub mənimsəyirsə, bir ömür boyu həmin sözü yanlış yazacaq. Uşaqların hər kitabı, nağılı oxumasına icazə vermək olmaz,onlar faydalı olanı oxumalıdırlar. Uşaqlar çox istedadlıdırlar, kitaba da maraqları var, problem biz böyüklərdədir. Müəllimli-valideynli biz böyüklərdədir problem.

Sevgi aşılayan nağıllar yazmaq lazımdır

Reyhan Yusifqızı: Mən bir nağıl danışacam sizə. Xarici ədəbiyyatdandır, görün nə gözəl məhəbbət aşılayır uşaqlara: Gecədir,ana dövşan balasını yatırdır. Bala dövşan soruşur: -Ana, sən məni nə qədər çox sevirsən? Ana qollarını açıb - "Bu boyda" - deyir. Uşaq ayağa qalxıb göyə tullanır: "Mən səni bax, bu boyda sevirəm, ana". Ana da durub tullanır: "Mən də səni bu boyda sevirəm". Bala deyir, ana cavab verir. Bir-birilərinə sevgilərinin nə qədər böyük olduğunu deyirlər. Axırda uşaq pəncərədən boylanan Ayı göstərib deyir:"Ana, mən səni burdan Aya qədər sevirəm". Ana gülümsəyir, bala dövşan yuxulayır. Ana onun qulağına pıçıldayır:"Balam, mən səni burdan Aya və ordan Yerə qədər sevirəm".

Məncə, daha çox belə nağıllar yazmaq, onların da cizgi filmlərini çəkmək yaxşı olardı.

İndi "Keçi" vaxtı deyil

Fizuli Əsgərli: Uşaq ədəbiyyatının problemləri ağrılı yerimizdir. Test sistemi oxumaq vərdişini, yazmaq istəyini aradan götürüb. İndi heç inşa da yazılmır. Uşağın tərbiyəsi ana bətnindən başlayır. Biz "bığlı-saqqallı" yeniyetməni kitaba cəlb edə bilmərik. Nədən yazmaq lazımdır ki, uşaqları cəlb edə bilək. Azərbaycan ədəbiyyatı dünyaya inteqrasiya olunmalıdır. İndi Abdulla Şaiqin "Keçi" şeirinin vaxtı deyil. Yazılmasından 100 il keçir, bir əsər əvvəlki uşaqların anlayışına görə yazılıb. Yeni şeirlər yazılmalıdır. Şeiri əzbərləmək də lazım deyil. Uşağı oxumamaqda günahlandırmayaq, yazarı günahlandıraq. Elə yazılsın ki, uşaq da oxusun. Gəlin, dünya ədəbiyyatı ilə rəqabəti də unutmayaq, biz də bu dünyanın içindəyik. Qrim qardaşlarının bəzi nağılları"Məlikməmməd"ləeyni motivdədir. Bugünkü uşaq sabahkı mütəxəssisdir. Uşaqdır, deyib ona yararsızədəbiyyat verməyək - gərəkli ədəbiyyat verək.

Uşaq ananın dilində danışır

Faina Ələkbərova: H.Z.Tağıyev qızlar üçün gimnaziya açanda Azərbaycanda savadlı qadın az idi. Ondan soruşublar ki, sən nə etmək istəyirsən, qadınların işləməyinimi? Cavab verib ki, mən istəyirəm, uşaqlarımızı savadlı analar tərbiyə etsinlər. Atalar adətən səhər gedib, axşam gəlirlər, uşağı tərbiyə edən, yetişdirən anadır. Ana nə qədər intellektli olarsa, uşaq da o qədər savadlı böyüyər. Nahaq yerə ana dili deyilmir, uşaq ananın dilində danışmağı öyrənir. Ana evdə uşağa ilk aylarından kitab oxumalıdır, o zaman uşaq da mədəniyyətli və savadlı olar, aydın tələffüzlə dil açar.

Müzakirədən ortaya nə çıxdı, təkliflər nə dərəcədə əhəmiyyət kəsb etdi - bunları gələcək göstərəcək. O gələcək ki, onu bu gün biz yetişdiririk-gələcəyimiz olan balacaların timsalında.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti