...

Aktyorlarımız IX Beynəlxalq Yay Teatr Məktəbinin diplomuna layiq görülüblər (FOTO)

Mədəniyyət Materials 1 İyul 2015 11:37 (UTC +04:00)
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının iki gənc və istedadlı aktyoru – Günel Məmmədova və Eşqin Quliyev Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının və Mədəniyyət Nazirliyinin təşkil etdiyi IX Beynəlxalq Yay Teatr Məktəbindən geri dönüblər.
Aktyorlarımız IX Beynəlxalq Yay Teatr Məktəbinin diplomuna layiq görülüblər (FOTO)

Azərbaycan, Bakı, 1 iyul /Trend/

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının iki gənc və istedadlı aktyoru - Günel Məmmədova və Eşqin Quliyev Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının və Mədəniyyət Nazirliyinin təşkil etdiyi IX Beynəlxalq Yay Teatr Məktəbindən geri dönüblər.

Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 1-28 iyunda Moskva vilayətinin Zveniqorod şəhərində baş tutan IX Beynəlxalq Yay Teatr Məktəbində ABŞ, Avstraliya, Böyük Britaniya, Almaniya, Azərbaycan, Ukrayna, Polşa, İsrail, Türkmənistan, Gürcüstan və ümumilikdə dünyanın 20 ölkəsindən 85 nümayəndə iştirak edib.

Layihə çərçivəsində gənc aktyorlara gündəlik təcrübə ilə yanaşı tanınmış teatr xadimlərinin ustad dərsləri, master klasslar keçirilib. Ustad dərsləri Yay Teatr Məktəbinin bədii rəhbəri, RF-in Xalq Artisti Aleksandr Kalyaginin, eləcə də, teatr pedaqoqu, professor, Sankt Peterburq Dövlət Teatr İncəsənəti Akademiyasının "aktyor və rejissorluq" kafedrasının müdiri Veniamin Filştinski, Xalq Artistləri Vyaçeslav Polunin, Lev Dodin, RF-in Əməkdar Artisti İqor Zolotovitskiy, RF-in Əməkdar İncəsənət Xadimi Sergey Jenovaç, Boris Konstantinov və başqalarının rəhbərliyi ilə baş tutub.

1 aylıq təlimlərin yekunu olaraq məktəbdə iştirak edən aktyorlar 5 tamaşada özlərini sınayıblar. Tamaşalar RF-in Əməkdar İncəsənət Xadimi Qriqori Kozlov, "Qızıl maska" Milli Mükafatının laureatı Yevgeniy İbrahimov, B.A.Pokrovski adına Musiqili Kamera teatrının xoreoqrafı Aleksey İşuk, rejissor Maksim Didenko və digərlərinin quruluşunda hazırlanıb.

Aktyorlarımız İ.A.Buninin "Yüngül nəfəs" ("Легкое дыхание") və "Qaranlıq xiyabanlar" ("Темные аллеи") novellaları əsasında hazırlanmış "Bunin. Etüdlər" ("Бунин. Этюды") tamaşasında uğurla çıxış ediblər.

Xoş təəssüratlar, bol tamaşaçı alqışı və maraqlı yaradıcılıq təklifləri alan aktyorlarımız rol aldıqları tamaşada uğurlu çıxışa və 1 aylıq təlimlərə görə IX Beynəlxalq Yay Teatr Məktəbinin diplom və sertifitakına layiq görülüblər.

Məlumat üçün bildirək ki, Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının irimiqyaslı təhsil layihəsi olan Beynəlxalq Yay Teatr Məktəbinin əsas məqsədi müxtəlif ölkələrdən olan gənc aktyorların təcrübə mübadiləsini təşkil etmək, yeni aktyor məktəbinin inkişaf etdirilməsi və peşəkarlıq səviyyəsinin artırılmasını təmin etməkdir. 2007-ci ildən start götürən və bugünədək dünyanın 40-dan artıq ölkəsindən 800-dək sənətçinin təlim keçdiyi Beynəlxalq Yay Teatr Məktəbi Rusiya Federasiyası Teatr Xadimləri İttifaqı və RF-in Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti