Azərbaycan, Bakı, 22 sentyabr /Trend/
Gəncədə "Həyat ağacı" adlı heykəl hazırlanıb.
Trend Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, bu üslubda sənət əsəri Azərbaycanda ilk dəfədir ərsəyə gətirilib.
"Həyat ağacı" adlanan bu sənət əsəri tuncdan hazırlanıb. Bu əsərin üzərində 3 ilə yaxın işlənilib.
Əsərin müəllifi gəncəli rəssam, heykəltaraş Şərif Şərifovun sözlərinə görə, kompozisiya Azərbaycan üçün yeni olan kallar stilindədir. "Həyat ağacı" adlanan bu kompozisiyada 4 min illik tarixi olan qədim Gəncənin - Simurq quşları, küpələrdə formalaşan ikiobrazlı insan fiqurları, 1139-cu il zəlzələsini əks etdirən simvolik əl, Dədə Qorqud, Leyli və Məcnun, Gəncəni müdafiə edən Bəndər usta, memar Şeyx Bahəddin obrazları məharətlə işlənilib.
Gəncə şəhərinin baş rəssamı Ş.Şərifov deyib ki, burada qədim Gəncənin quş fəzasından baxışı, bir də yeni Gəncə var: "Həmçinin ağac iki tərəfə bölünür, biri qədim Gəncə, biri yeni Gəncə. Müasir Gəncə də öz inkişafı ilə özünü göstərir. Burada Azərbaycan elləri, Azərbaycan tikintisi, müasirliyi var".
Heykəl Mirzə Abbas Abbaszadə küçəsində, Gəncə Dövlət Kukla Teatrının qarşısında qoyulub. Sənət əsərinin səkkizguşəli fəvvarənin içərisində quraşdırılması isə simvolik məna daşıyır.