...

Budapeştdə Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş konsert keçirilib (FOTO)

Mədəniyyət Materials 10 May 2016 14:44 (UTC +04:00)
Azərbaycanın tanınmış caz ustası Salman Qəmbərov Macarıstan paytaxtının populyar musiqi mərkəzlərindən biri sayılan "Budapeşt Jazz Club"da geniş konsert proqramı ilə çıxış edib.
Budapeştdə Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş konsert keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın tanınmış caz ustası Salman Qəmbərov Macarıstan paytaxtının populyar musiqi mərkəzlərindən biri sayılan "Budapeşt Jazz Club"da geniş konsert proqramı ilə çıxış edib. Salman Qəmbərov Budapeştə Macarıstandakı Azərbaycan Səfirliyinin və ölkədə populyar olan "Jaba" caz qrupunun dəvəti ilə gəlib.

Bu barədə Trend-ə Azərbaycanın Macarıstandakı səfirliyindən məlumat verilib.

Konsertdən əvvəl çıxış edən qrupun meneceri Atilla Egerhazi bir neçə il əvvəl Bakı caz festivalında iştiraklarını məmnunluq hissi ilə xatırlayaraq Azərbaycan cazının böyük tarixinin və diqqətəlayiq yaradıcılıq ənənələrinin olduğunu vurğulayıb. İndiyə qədər ölkəmizin caz ustaları ilə bir sıra birgə layihələrin həyata keçirildiyini və əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.

İki saatdan çox davam edən iki hissəli konsertin birinci hissəsində Salman Qəmbərov əsasən Azərbaycan xalq musiqisi və populyar mahnıların caz variasiyalarını böyük ustalıqla ifa edib. Solo çıxış böyük maraqla qarşılanıb və tələbkar caz həvəskarlarının alqışları ilə qarşılanıb.

İkinci hissədə isə Azərbaycan-macar triosu (Salman Qəmbərov, Silard Banai və Gergo Olah) dünya bəstəkarlarının əsərlərini, habelə ayrı-ayrı klassik caz musiqisi nümunələrini ustalıqla səsləndiriblər.

Macar mətbuatı Salman Qəmbərovun ifa tərzini yüksək qiymətləndirərək onu "intellektual cazın" mahir ifaçılarından biri adlandırıb.

Bir sıra xarici ölkə səfirlərinin, macar ictimaiyyəti nümayəndələrinin maraqla izlədikləri konsert Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti