Bakı. Trend:
Sabah saat 13.00-da Dövlət Gənc Tamaşaçılar Teatrında 88-ci teatr mövsümünün yekunlarına həsr olunmuş iclas keçiriləcək. İclasda mövsüm ərzində seçilən teatr əməkdaşları "Sima" teatr mükafatı ilə təltif olunacaqlar.
Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mükafat teatrın yaradıcı heyəti arasında istedadın və peşəkarlığın qiymətləndirilməsi, peşə stimulunun yaradılması, bədii dəyəri ilə (mövzusu, quruluşu, tərtibatı, ifaçısı) fərqlənən tamaşaların teatr ictimaiyyətinə təqdim edilməsi, habelə mövsüm ərzində hazırlanmış ən uğurlu səhnə əsərlərinin, ayrı-ayrı ifaçıların, mövsüm ərzində fəallığı ilə seçilən teatr əməkdaşlarının mükafatlandırılması məqsədilə təsis olunub.
Ötən ildən fərqli olaraq bu il nominasiyalara bir qədər dəyişiklik edilib. Belə ki, builki mükafatlar “ən yaxşı tamaşa”, “mövsümün ən yaxşı xarakterik obraz ifaçısı”, “mövsümün ən fəal ictimaiyyətçi əməkdaşı”, “mövsümün ən uğurlu baletmeysteri”, “mövsümün seçilən aktyoru”, “mövsümün ən məhsuldar aktyoru” “mövsümün ən məhsuldar aktrisası”, “mövsümün ən yaxşı texniki işçisi”, “mövsümün perspektivli aktyoru”, “teatrın dostu”, “mövsümün ən işgüzar əməkdaşı”, “mövsümün ən yaxşı epizodik rol ifaçısı” nominasiyası üzrə olmaqla 12 adda müəyyənləşdirilib. Artıq münsiflər heyəti iclas keçirərək gizli səsvermə yolu ilə nominantları müəyyənləşdiriblər.
Məlumat üçün bildirək ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ – Azərbaycan Milli Mərkəzinin təsis etdiyi mükafat ilk dəfə ötən il bir qrup teatr əməkdaşına təqdim olunub.