Bakı. Trend:
YARAT Müasir İncəsənət Məkanı yerli yaradıcı fərdləri ARTIM-2017 layihəsində iştirak etməyə dəvət edir. Layihədə bütün növ təsviri sənət kompozisiyaları ilə iştirak etmək mümkündür və eyni zamanda hər kəs üçün açıq və ödənişsizdir.
ARTIM layihəsinin başlıca məqsədi, ölkənin gənc nəslinin istedadlı nümayəndələrini incəsənət sahəsində karyera qurmağa təşviq etmək, habelə Azərbaycanın gənc rəssamlarına peşəkar səhnədə öz əsərlərini nümayiş etdirmək üçün müvafiq şərait yaratmaqdır. ARTIM layihəsinin İçərişəhərdə peşəkar sərgi məkanı var. Bu məkan, eksperimentlərin aparılmasına və əsərlərin peşəkar səviyyədə nümayişinə imkan verən platforma qismində çıxış edir.
YARAT təşkilatı müsabiqənin nəticələrinə dair seçilmiş rəssamları 2016-cı il oktyabr ayının ortalarında elan edəcək. Proqramda seçilmiş sənət əsərləri ARTIM Layihə Məkanında nümayiş etdiriləcək.
ARTIM layihəsi təklif edir:
- 3.000 AZN məbləğində layihənin icra olunması üçün büdcə.
- ARTIM Layihə Məkanında 3 həftə ərzində əsərlərin nümayişi.
- YARAT kuratorları ilə həftəlik görüş və müzakirələr.
- Seçilmiş layihələrin kütləvi informasiya vasitələrində işıqlandırılması.
ARTIM Layihə Məkanının qaydaları:
- ARTIM layihəsində iştirak etmək istəyən namizədlərin yaşı 18-dən aşağı olmamalıdır.
- Namizəd öz layihəsini təqdim etdikdən sonra, YARAT tərəfindən müvafiq razılıq olmadan əsaslı şəkildə layihənin ideyasını dəyişdirə bilməz.
- Ərizələrdə həm sərgi xarakterli, həm də maarifləndirici komponentlər əks olunmalıdır.
- Hər bir seçilmiş iştirakçı VOEN və bank hesabına malik olmalıdır.
- YARAT hər bir seçilmiş layihəyə kuratorluq və inzibati dəstəyini göstərəcəkdir.
- YARAT layihə üzrə işlərin gedişatı ilə əlaqədar müəllif ilə davamlı məlumat mübadiləsini təmin edəcək.
- Layihənin başa çatdırılmasından sonra iştirakçılar layihə üzrə müvafiq hesabat təqdim etməlidirlər. Həmin hesabatda büdcəni tam əhatə etməklə hansı hədəflərə nail olunduğu haqqında məlumat öz əksini tapmalıdır.
- YARAT əsərlərin bütün reproduksiya formalarında (o cümlədən, kataloqlar, təqdimatlar və bukletlər də daxil olmaqla) dərc etmək, əsərlərdən reklam və məlumatlandırıcı materiallar (açıqcalar və plakatlar) məqsədi ilə istifadə etmək hüququna malikdir.
- ARTIM layihəsi çərçivəsində yaradılan əsərlərin müəllifləri öz əsərləri üzərində müəlliflik hüququna malikdirlər. YARAT əsərlərin digər layihələr üçün istifadə olunması hüququna malikdir.
- YARAT-ın Nəzarətedici heyəti layihə tələblərinə cavab verməyəcəyi təqdirdə və yaxud qeyri-məqbul hesab ediləcəyi təqdirdə, iştirakçını kənarlaşdırmaq hüquqlarına malikdir.
Ərizələrin göndərilmə qaydası:
Öz CV, portfolio və doldurulmuş müraciət formasını [email protected] email ünvanına göndərməyiniz xahiş olunur.
Ərizələrin son qəbul tarixi: 30 Sentyabr, 2016, saat 00:00 (Bakı vaxtı ilə)
Əlavə suallarla bağlı YARAT Müasir İncəsənət Məkanın Proqramlar üzrə koordinatoru Azər Abdullayevlə əlaqə saxlaya bilərsiniz: [email protected]
YARAT haqqında
YARAT Müasir İncəsənət Məkanı Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşir. Təşkilat Aida Mahmudova ilə bir qrup rəssam tərəfindən 2011-ci ildə təsis edilib. YARAT ölkəmizdə müasir incəsənətin dəstəklənməsi və geniş ictimaiyyət tərəfindən dərk olunması məqsədi ilə fəaliyyət göstərir, Azərbaycan incəsənətinin respublika daxilində və beynəlxalq aləmdə təbliğ olunması ilə məşğuldur. YARAT (azərbaycanca “yaratmaq” sözünün mənasında) tərəfindən indiyə qədər, əksəriyyəti Bakıda təşkil olunaraq, 200-dən artıq layihə həyata keçirilib. YARAT-ın fəaliyyətində əsas mahiyyət kəsb edən tədris-təlim işi art-rezident proqramlarından, praktiki məşğələlərdən, mühazirələrdən, film və teatr tamaşaların nümayişlərindən ibarətdir.
YARAT Müasir İncəsənət Mərkəzi, ARTIM Layihə Məkanı, YAY Qalereyası və YARAT Emalatxanaları YARAT Müasir İncəsənət Məkanı İctimai Birliyinin tərkib hissələridir.
YARAT-ın daimi sərgiləmə məkanı YARAT Müasir İncəsənət Mərkəzi 2015-ci ilin mart ayında fəaliyyətə başladı. Üzü Xəzər dənizinə tərəf açılan və sovet dönəmində hərbi donanma qərargahı olmuş bu yeni 2000m² ərazisi olan mərkəz müasir incəsənətə və onun tədrisinə xidmət edən regional miqyaslı qovşaqdır. Burada müvəqqəti sərgilərlə yanaşı, YARAT-a məxsus daimi kolleksiyanın əsərlərini təqdim edən sərgi də nümayiş etdirilir. Daimi kolleksiya Qafqaz, Orta Asiya və qonşu ölkələri təmsil edən görkəmli sənətkarların əsərlərindən ibarətdir.
ARTIM Layihə Məkanının əsas məqsədi gənc və istedadlı nəslin motivasiyası və inkişafına istiqamətləndirilmiş peşəkar platformanın yaradılması, incəsənət təhsil ocaqlarının tələbə və məzunlarının yeni eksperimental layihələrinə dəstək verməsini öz öhdəsinə götürür.
YAY Qalereyası Bakının tarixi məkanı, YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilmiş obyektlərin arasında olan İçəri Şəhərin mərkəzində yerləşir. Qalereya YARAT qeyri-kommersiya təşkilatı tərəfindən Azərbaycan incəsənəti üçün infrastrukturun dəstəklənməsi məqsədilə 2012-ci ildə təsis edilmişdir. Qalereya sosial müəssisədir; YAY (“yaymaq” sözündəndir, ötürmək, çatdırmaq mənasında) satışlardan əldə olunan bütün gəlirləri rəssamlar və YARAT təşkilatı arasında bölüşdürür.
YARAT Rezidentura Proqramı müxtəlif sahələr üzrə açıq, tədqiqata əsaslanmış təcrübəyə malik və bizim regionu kəşf etməkdə maraqlı olan rəssamlar üçün nəzərdə tutulmuşdur. Proqram üç ay ərzində iştirakçılara öz əsərlərini hazırlamağa və çoxsaylı rəssamlar, kuratorlar və kolleksiyaçılar ilə dialoq aparmağa imkan yaradır. Rezidentura proqramının sonunda hazırlanmış sənət əsərləri ARTIM Layihə Məkanında nümayiş olunurlar.
YARAT təşkilatının əsas fəaliyyətlərindən biri də təlim-tədris proqramlarıdır. Təşkilatın xüsusi tədris proqramları ustad dərslərindən, yaradıcı görüşlərdən, müsabiqələrdən, praktiki məşğələlərdən ibarətdir və ən müxtəlif dinləyici qruplarını tələbə rəssamlardan tutmuş ailələrə kimi hədəfə alır. YARAT yerli və beynəlxalq incəsənət şəbəkələri, o cümlədən, müxtəlif fondlar, sərgi salonları və muzeylər arasında dialoqun qurulması və təcrübə mübadiləsinin həyata keçirilməsi sahəsində çalışır. YARAT-ın həyata keçirdiyi təhsil proqramları silsiləsi qlobal səviyyədə mədəniyyətlərarası dialoqun və əməkdaşlığın yaranması üçün imkan yaradır.
ARTIM Layihə Məkanı
YARAT Müasir İncəsənət Məkanı
İçərişəhər, Böyük Qala küç., 30, 001 A
Bakı, Azərbaycan, AZ1003
www.yarat.az