...

Seulda “Türkdilli Dövlətlərin Mədəniyyət Festivalı” keçiriləcək

Mədəniyyət Materials 22 Sentyabr 2016 14:07 (UTC +04:00)
8-13 noyabr tarixlərində Azərbaycanın Koreyadakı səfirliyinin təşəbbüsü və Koreya Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə “Türkdilli Dövlətlərin Mədəniyyət Festivalı” keçiriləcək.
Seulda “Türkdilli Dövlətlərin Mədəniyyət Festivalı” keçiriləcək

Bakı. Trend:

8-13 noyabr tarixlərində Azərbaycanın Koreyadakı səfirliyinin təşəbbüsü və Koreya Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə “Türkdilli Dövlətlərin Mədəniyyət Festivalı” keçiriləcək.

Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Festivalda Azərbaycanla yanaşı, Türkiyə, Türkmənistan, Qazaxıstan və Qırğızıstanın mədəniyyət xadimlərindən ibarət nümayəndə heyətləri iştirak edəcək. Noyabrın 8-də paytaxt Seulda yerləşən Koreya Milli Muzeyində iştirakçı ölkələrin mədəniyyət xadimlərinin birgə iştirakı ilə Festivalın açılış mərasimi keçiriləcək.

Noyabrın 9-da Seulda Azərbaycan günü, 13 noyabrda isə Qimhe şəhərində Azərbaycan, Qazaxıstan və Qırğızıstan mədəniyyət xadimlərinin iştirakı ilə birgə konsert keçiriləcək. Festivalda Azərbaycanı Milli İnstrumental Ansamblı, Azərbaycan Mahnı və Rəqs Ansamblı, “Natiq” ritm qrupu, Elçin Şirinov və caz qrupu təmsil edəcək.

Konsert proqramlarına paralel olaraq tədbirin keçiriləcəyi Koreya Milli Muzeyinin lobbisində Azərbaycanın tarixi, mədəniyyəti, milli mətbəxi, təbiəti, müasir arxitekturasını əks etdirən foto, həmçinin milli geyim sərgisi nümayiş etdiriləcək. Festival çərçivəsində 11 noyabr tarixində Rövşən İsaxın Koreya dilində subtitrlə hazırlanmış “Aktrisa” filmi nümayiş etdiriləcək.

Festivalda Azərbaycan nümayəndə heyətinin iştirakı, foto və milli geyimlərin nümayişi, habelə film festivalı üçün Azərbaycan filminin təmin edilməsi AR Mədəniyyət və Turizm Nazirliyi, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası və Bakı Media Mərkəzinin dəstəyi ilə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti