Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyevin “Mstislav Rostropoviçin 90 illik yubileyinin keçirilməsi haqqında” 10 fevral 2017-ci il tarixli, 2663 nömrəli Sərəncamının içrası çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə Polşanın ən mötəbər konsert zallarından biri olan Kral Sarayında təntənəli konsert təşkil edilib.
Trend-in məlumatına görə, çoxəsrlik tarixi olan Varşava şəhərinin qədim saraylarından olan Kral sarayında keçirilən təntənəli konsertdə xalq artisti, beynəlxalq müsabiqələr laureatı, Fransa və Macarıstan ordenlərinin kavaleri, pianoçu Murad Hüseynov, əməkdar artist, Prezident mükafatçısı, tarzən Sahib Paşazadə və əməkdar artist, violoncel ifaçısı Aleksey Miltıx çıxış ediblər.
Konserti giriş sözü ilə açan Kral sarayının bədii rəhbəri Aleksandra Buşta gələn qonaqları salamlayaraq onlara Mstislav Rostropoviçin yaradıcılığı haqqında danışıb. Öz çıxışında xanım Buşta Azərbaycan musiqisinin və mədəniyyətinin zənginliyi və qədim ənənələri haqqında söyləyərək, artıq dünyada tanınan Azərbaycan muğamı əsasında yazılmış bəstələrin Kral Sarayında ilk dəfə belə bir tərkibdə səslənəcəyinə görə sevinc hissi keçirdiyini vurğulayıb. Çıxışdan sonra konsertin bədii hissəsi başlayıb.
Anşlaqla keçən konsertdə İ.S.Bax, F.Şopen, M.K.Oqinski, R.Şuman, S.V.Raxmaninov, Ü.Hacıbəyli, Q.Qarayev, O.Zülfüqarov, Ə.Bədəlbəyli, A.Bəbirov, T.Quliyev, F.Bədəlbəylinin əsərləri səslənib.
Konsertdən sonra tamaşaçılar öz təəssüratları ilə bölüşərək ifaçıların yüksək peşəkarlığını qeyd ediblər.
Virtuoz pianoçunun peşəkarlığı, Azərbaycan tarında milli və Avropa əsərlərinin səslənməsi, Azərbaycan muğamları əsasında yazılmış əsərlərin violonçeldə yüksək səviyyədə ifası tamaşaçıları valeh edib. Hər ifa tamaşaçıların gur alqışları ilə qarşılanıb. Konsert tamaşaçıların ayaqüstə alqışları ilə başa çatıb.
Konsertdən sonra musiqiçilərə yaxınlaşan tamaşaçılar Azərbaycan muğamı, tarı, musiqisi haqqında maraqlanıblar. Digər ölkələrin nümayəndələri də musiqiçilərimizi belə bir gözəl konsertlə öz ölkələrində görmə istəklərini bildiriblər.