...

Görkəmli pianoçu Bakıda ustad dərsləri verəcək

Mədəniyyət Materials 27 Oktyabr 2017 19:18 (UTC +04:00)
Adilə Əliyeva Bakıda ustad dərsləri verəcək.
Görkəmli pianoçu Bakıda ustad dərsləri verəcək

Bakı. Trend:

Azərbaycan diasporunun görkəmli nümayəndəsi, əməkdar artist, uzun illərdir Fransada yaşayan pianoçu, professor Adilə Əliyeva Bakıda ustad dərsləri verəcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Təhsil Nazirliyinin dəvəti ilə Adilə Əliyeva oktyabrın 30-u, 31-i və noyabrın 1-də Üzeyir Hacıbəyov adına Azərbaycan Musiqi Akademiyasının tələbələrinə ustad dərsləri keçəcək. Dərslərdə iştrak ödənişsizdir və istənilən şəxs əvvəlcədən qeydiyyatdan keçməklə dərslərdə iştirak edə bilər. Bundan başqa, Adilə Əliyevanın Bakıya səfəri çərçivəsində ADA Universitetinin tələbələri ilə görüşünün keçirilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, Adilə Əliyeva Bakı şəhərində anadan olub, sonradan Moskvaya köçərək Çaykovski adına Konservatoriyada təhsil alıb. 25 ilə yaxındır ki, Fransada yaşayan A.Əliyeva 50-dən çox ölkənin konsert salonlarında çıxış edib, 30-dan artıq kompakt-disk ərsəyə gətirib. Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru olan həmyerlimizin adına iki ildən bir Fransa və İsveçrədə beynəlxalq musiqi festivalı təşkil olunur. Adilə Əliyevanın rəhbərlik etdiyi festivalın münsiflər heyətinə dünyanın tanınmış musiqiçiləri daxildir. Amerikalı eskpertlərin fikrincə, bu müsabiqə dünyanın ən nüfuzlu musiqi müsabiqələrindən biridir. 2018-ci ilin martında Adilə Əliyeva adına Pianoçuların 12-ci Beynəlxalq Müsabiqəsi keçiriləcək. Festivalı final konsertində bir sıra beynəlxalq qurumların nümayəndələrinin iştirakı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti