...

Azərbaycan filmi Brüssel festivalında nümayiş olunub (FOTO)

Mədəniyyət Materials 19 Yanvar 2018 15:01 (UTC +04:00)
Azərbaycan filmi Brüssel festivalında nümayiş olunub.
Azərbaycan filmi Brüssel festivalında nümayiş olunub (FOTO)

Bakı. Trend:

Brüssel İncəsət Sarayında (BOZAR) 2017-2018-ci illər üzrə Şərq Tərəfdaşlığı ölkələri ilə mədəni əməkdaşlıq proqramı çərçivəsində yanvarın 17-də çoxtərəfli “Bridges” film festivalının açılışı keçirilib.

Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyindən Trend-ə verilən məlumata görə, açılış mərasimi zamanı çıxış edən Azərbaycanın bu ölkədəki səfiri Fuad İsgəndərov festivalın təşkilatçılarına təşəkkürünü bildirib, Azərbaycanın film sahəsində əldə etdiyi tarixi nailiyyətlərdən və mövcud ənənələrdən söhbət açıb, ailə faciəsindən bəhs edən “Nar bağı” filminin gözəl sənət nümunəsi olduğunu diqqətə çatdırıb.

Festival çərçivəsində rejissor və prodüserlərin iştirakı ilə konfrans keçirilib. Ölkəmizi konfransda təmsil edən “Nar bağı” filminin rejissoru İlgar Nəcəf, Azərbaycan kinosunun tarixi, milli kinematoqrafiyamızın dirçəlişi və inkişafı barədə danışıb, kinematoqrafiyanın imkanlarından istifadə etməklə ailə dəyərlərinin, milli-mənəvi dəyərlərin gənclər arasında təbliğinin vacibliyi haqqında konfrans iştirakçılarını məlumatlandırıb.

Eyni zamanda, festival çərçivəsində “Nar bağı” filmi nümayiş olunub. Filmi izləməyə Avropa İttifaqı qurumlarının nümayəndələri, eləcə də Belçikadan olan çoxsaylı tamaşaçı auditoriyası toplanıb.

Film izləyicilərin böyük marağına səbəb olub, onlara dərin təəssürat bağışlayıb. Sürəkli tamaşaçı alqışlarının müşayiəti ilə yekunlaşan filmin nümayişindən sonra filmin rejissoru İlqar Nəcəf tamaşaçıların çoxsaylı suallarını cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti