...

Azərbaycanın gənc istedadı “San Remo Junior” beynəlxalq musiqi müsabiqəsində ölkəmizi layiqincə təmsil edib (FOTO)

Mədəniyyət Materials 24 Aprel 2018 17:19 (UTC +04:00)
Azərbaycan təmsilçisi Fidan Hüseynova “San Remo Junior” beynəlxalq musiqi müsabiqəsində münsiflərin yekdil qərarı ilə üçüncü yerə layiq görülüb.
Azərbaycanın gənc istedadı “San Remo Junior” beynəlxalq musiqi müsabiqəsində ölkəmizi layiqincə təmsil edib (FOTO)

Bakı. Trend:

Azərbaycan təmsilçisi Fidan Hüseynova “San Remo Junior” beynəlxalq musiqi müsabiqəsində münsiflərin yekdil qərarı ilə üçüncü yerə layiq görülüb.

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü istiqamətində həll olunması üzrə “hücum taktikası” tövsiyəsini rəhbər tutaraq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən, 16-22 aprel 2018-ci il tarixlərində İtaliyanın San-Remo şəhərindəki məşhur “Teatro Ariston” konsert zalında keçiriləcək gənc istedadların iyirminci “San Remo Junior” beynəlxalq musiqi müsabiqəsində azərbaycanlı gəncin iştirak etməsi üçün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının yaxından köməkliyi ilə müvafiq araşdırma aparılıb.

Seçim nəticəsində tədbirdə Azərbaycan Respublikasını Bakı şəhər T.Quliyev adına 12 nömrəli onbirillik Musiqi və Bakı Oksford məktəblərinin şagirdi, Prezident təqaüdçüsü 12 yaşlı Hüseynova Fidan Yaqub qızının təmsil etməsi məqsədəuyğun hesab olunub. Müvafiq prosedur məsələlər həll edildikdən sonra təmsilçimiz İtaliyada keçirilən beynəlxalq müsabiqədə iştirak edib. Fidan Hüseynovanın ifa etdiyi “Tell Me Why” mahnısı müharibələrin günahsız qurbanları, həmçinin Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş, valideynlərini itirmiş, əlil olmuş uşaqlara həsr olunmuş videokompozisiya ilə müşayiət edilib.

16 ölkənin istedadlı gənclərinin iştirak etdiyi, o cümlədən Ermənistan nümayəndəsinin də qatıldığı və gərgin rəqabət şəraitində keçən iki mərhələli müsabiqədə Azərbaycan təmsilçisi münsiflərin yekdil qərarı ilə üçüncü yerə layiq görülüb.

Qeyd edək ki, ölkəmizin bu mötəbər tədbirdə iştirakı İtaliyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Milan Konservatoriyasının müəllimi Mais Nuriyevin təklifi əsasında baş tutub. Müsabiqədə təmsilçimizin təsirli ifası tədbirin tamaşaçısı olan dünyanın tanınmış müğənniləri, prodüser və kino ulduzlarında böyük təəssürat yaradıb, İtaliya ictimaiyyətində geniş rezonans doğurmaqla Azərbaycanın və onun mədəniyyətinin təbliğinə öz töhfəsini verib.

Müsabiqədə Azərbaycan nümayəndə heyətini Dövlət Komissiyası İşçi qrupunun əməkdaşı müşayiət edib.

Dövlətimizin başçısı İlham Əliyevin sərəncamı ilə adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabına” düşmüş Fidan Hüseynovanı ölkəmizi bu mötəbər beynəlxalq musiqi yarışmasında layiqli təmsil etdiyinə görə bir daha səmimi qəlbdən təbrik edir, ona yeni yaradıcılıq uğurları diləyirik!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti