...

Xalçaçılığın inkişafı strateji məqsədlərə xidmət edir (FOTO)

Mədəniyyət Materials 16 Oktyabr 2018 13:02 (UTC +04:00)
Cənab İlham Əliyevin Prezidentliyi dövründə xalçaçılıqla bağlı çox mühüm tədbirlər həyata keçirilib.
Xalçaçılığın inkişafı strateji məqsədlərə xidmət edir (FOTO)

Bakı. Trend:

Azərbaycan xalqının tarixi taleyində mühüm rol oyanayan əlamətdar günlərdən biri də oktyabrın 15-dir. 2003-cü ilin bu günü Azərbaycan Prezidenti seçilən cənab İlham Əliyev ölkəmizi sürətli inkişaf yoluna çıxarıb. Son 15 ildə Azərbaycanda əldə olunan nailiyyətlər əsası 1969-cu ildə qoyulmuş dövlətçiliyin Heydər Əliyev modelinin bəhrələridir. Ulu öndərimizin mənəvi-siyasi irsinin layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müasir tarixinin şanlı səhifələri yazılır. Bu şanlı səhifələrə qızıl hərflərlə yazılan əhəmiyyətli hadisələrdən biri də Azərbaycan xalçaçılığının inkişafı istiqamətində görülən işlərdir.

Cənab İlham Əliyevin Prezidentliyi dövründə xalçaçılıqla bağlı çox mühüm tədbirlər həyata keçirilib. Onun bu sahəyə verdiyi önəmin nəticəsidir ki, Prezident seçilməyinin 15-ci ildönümündə açılışını etdiyi obyektlərdən biri də məhz xalça fabrikidir. Oktyabrın 15-də dövlət başçısının iştirakı ilə “Azərxalça”nın daha bir filialı – Lənkəran xalça fabriki açılıb. Bu hadisə bütün xalçaçıların hədsiz sevincinə səbəb olub. Çünki onlar bilir ki, Prezidentlə hər görüş bu sahənin daha da inkişafına yeni perspektivlər açır.

“Azərbaycanda xalçaçılığın çox böyük gələcəyi var. Biz qədim ənənələrimizi qorumaqla xalçaçılığı inkişaf etdiririk”, - deyən cənab İlham Əliyev 2016-cı ildə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətini yaradaraq xalçaçılıq sənətinin yaşadılmasını, inkişafını və onun qeyri-neft sektorunun aparıcı sahəsinə çevrilməsini təmin edib. Dövlət başçısının 28 fevral 2018-ci il tarixli Sərəncamı ilə qəbul olunan "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" bu sahədə görülən işləri daha da sürətləndirib.

Prezident xalçaçılığın inkişafına ciddi diqqət yetirməklə strateji məqsədləri reallaşdırır. Əvvəla, milli dəyərimiz olan Azərbaycan xalçası yaşadılaraq gələcək nəsillərə ötürülür. Digər tərəfdən dünya bazarında bahalı məhsullar kateqoriyasına daxil olan xalça satışından ölkəmizə xeyli valyuta gələcək. Daşına bilər bu məişət əşyasını dünyanın istənilən yerinə aparmaq mümkündür. Deməli, milli naxışlarımızla bəzədilən xalçamızı alan xarici ölkə vətəndaşlarının evlərində bir Azərbaycan möhürü olur. Bu da Azərbaycanın, milli tariximizin, dəyərlərimizin təbliği baxımından olduqca əhəmiyyətlidir.

Professor Vidadi Muradovun təbirincə desək, tarixən Azərbaycan xalçası toxunan hər yer Azərbaycan olub. Azərbaycan xalçası tarixi Azərbaycanın xəritəsidir. Mövzuya bu konteksdən yanaşanda xalçaçılıqla bağlı qəbul olunan qərarların nə qədər müdrik qərarlar olduğunu görürük. Məsələn, “Azərbaycan brendi” adı ilə İrəvan qrupu Azərbaycan xalçası alan bir ABŞ vətəndaşı İrəvanın Vətənimizin bir parçası olduğunu biləcək, tarixi torpaqlarımız haqqında məlumat əldə edəcək. Göründüyü kimi, xalçaçılığın inkişafı təkcə iqtisadi əhəmiyyət daşımır.

Bütün bu strateji məqsədləri reallaşdırmaq üçün kütləvi xalça istehsalının təmin olunması lazım idi. Ona görə də 2016-2017-ci illərdə Füzuli, Ağdam, Şəmkir, Tovuz, Ağstafa, Qazax, İsmayıllı, Qəbələ, Quba və Xaçmaz rayonlarında “Azərxalça”nın filialları yaradılaraq fəaliyyətə başlayıb. Bu xalça istehsalı emalatxanalarında 150 nəfər toxucunun, 14 nəfər inzibati-təsərrüfat işçisinin çalışması üçün müasir iş şəraiti yaradılıb. Emalatxanaların hər birində 43 dəzgah quraşdırılıb ki, həmin avadanlıqlar da Azərbaycan istehsalıdır.
Ölkə rəhbəri toxucular üçün müasir, işıqlı emalatxana binaları yaratmaqla yanaşı, həm də onların rahatlığının təmin olunması qayğısına da qalıb. Filial əməkdaşlarının işə rahat gediş-gəlişinin təmin edilməsi üçün dövlət başçısının müvafiq Sərəncamı ilə 2 milyon manat vəsait ayrılıb, “Hyundai” markalı 18 avtobus alınıb.

900 nəfərə yaxın toxucunun çalışdığı filiallarda indiyədək Azərbaycan xalçalarının Bakı, Qarabağ, İrəvan, Naxçıvan, Quba, Gəncə, Şirvan, Qazax-Borçalı, Təbriz qrupları üzrə 1330 ədəd, 4401 kvadratmetr xalça toxunub. Bu müddət ərazində yerli və xarici bazarlarda “Azərbaycan brendi” adı ilə 287 ədəd, 853 kvadratmetr xalça satılıb.

Bu istiqamətdə görülən işlər 2018-ci ildə də davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Azərxalça”nın daha 10 filialının tikintisi üçün vəsait ayrılıb. Artıq Lənkərandakı filial istifadəyə verilib. Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsində, Naxçıvan şəhərində, Abşeron rayonunun Qobu qəsəbəsində, Qobustan, Şabran, Kürdəmir, Tərtər, Goranboy rayonlarında, Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə yaradılan filiallar ilin sonunadək fəaliyyətə başlayacaq.

Bu il avqustun 25-də İsmayıllı filialının açılış mərasimində rayonun kadr potensialını və toxucuların xahişini nəzərə alaraq burada yeni emalatxana binasının tikilməsi haqqında ölkə rəhbərimizin verdiyi qərar onun Azərbaycan xalçaçılarının arzu və istəklərinə həssas yanaşdığının daha bir sübutudur. Dövlət başçısının 27 avqust 2018-ci il tarixli Sərəncamı ilə İsmayıllıda yeni xalça istehsalı emalatxanasının tikintisi üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2 milyon 400 min manat vəsait ayrılıb. Artıq binanın inşası üçün hazırlıq işlərinə başlanılıb.

Ümumilikdə Cəmiyyətin respublika üzrə yaradılacaq xalçaçılıq şəbəkəsi 31 filialdan ibarət olacaq. 2019-cu ildə Bakı şəhərinin Qaradağ rayonunda, Gəncə, Mingəçevir, Şəki şəhərlərində, Xızı, Masallı, Zaqatala, Bərdə rayonlarında, Ağcəbədi rayonunda Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Taxtakörpü qəsəbəsində, Goranboy rayonunda Xocalı rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Aşağı Ağcakənd qəsəbəsində xalça istehsalı emalatxanaları yaradılacaq.

Xalçaçılığın inkişafına göstərilən diqqət, ölkəmizin müxtəlif bölgələrində xalça istehsalı emalatxanalarının fəaliyyətə başlaması xammal bazasının yaradılması zərurətini meydana çıxarıb. Bu məsələ də Azərbaycan Prezidentinin diqqət mərkəzindədir. Dövlət başçısı hələ 2017-ci ilin aprel ayında Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsindəki çıxışında yun tədarükü probleminə və yun iplik istehsalının əhəmiyyətinə toxunaraq demişdi: “Yun tədarükü məsələlərinə əvvəlki illərdə o qədər də böyük diqqət göstərilmirdi. Məndə olan məlumata görə, bizim cəmi bir fərli-başlı tədarük məntəqəmiz olub. Bizim bütün bölgələrimizdə yun tədarükü təşkil edilməlidir. Vaxt gəlib çatıb ki, Azərbaycanda böyük yun fabriki də yaradılsın. Bu sahəyə də ciddi diqqət göstərilməlidir. Bu, fermerlərə əlavə qazanc mənbəyi olacaq, ölkəyə isə valyuta gələcək”.

Ölkə rəhbərinin tapşırıqlarına uyğun olaraq, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti bu istiqamətdə müvafiq tədbirlər həyata keçirir. Sumqayıt Kimya Sənaye Parkında inşa olunan Yunəyrici-Boyaq Fabriki Türkiyə, Fransa və İtaliya istehsalı olan avadanlıqlarla təchiz ediləcək. Bu fabrikdə təmiz yun, yun iplik, təbii və kimyəvi boyaq maddələri hazırlanacaq.

Fabrikin fəaliyyəti nəticəsində, ilk növbədə, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin filiallarının, bundan başqa özəl xalçaçılıq müəssisələrinin yun ipliyə olan tələbatı ödəniləcək, idxaldan asılılıq tamamilə aradan qaldırılacaqdır.
Yunəyrici-Boyaq Fabrikinin xammalla təmin olunması məqsədilə Naxçıvan şəhərində, Qobustan, Şabran, Bərdə rayonlarında, Sabirabad Sənaye Məhəlləsində regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri üçün binalar tikilir.

2019-cu ildə Şəki şəhərində, Masallı və Hacıqabul rayonlarındakı sənaye məhəllələrində daha üç regional tədarük məntəqəsi yaradılacaq. Müasir texniki avadanlıqlarla təmin ediləcək bu məntəqələrə il ərzində 1500 ton yun və boyaq bitkiləri xammalı qəbul olunacaq.

Əhalidən və təsərrüfatlardan yun alınarkən xalça toxunması üçün iplik istehsalına yararlı yun tədarük ediləcək. Belə ki, iplik istehsalı üçün yalnız ildə bir dəfə qırxılan, uzunluğu 6-10 santimetr aralığında olan yunun qəbulu həyata keçiriləcək. “Azərxalça” yun tədarükçüləri üçün hazırlıq kursları da təşkil edib. Tədarükçülər kurslarda yun qəbulunun bu incəliklərini öyrənəcəklər.
Yunəyrici-Boyaq Fabrikinin və tədarük məntəqlərinin yaradılması ölkəmizdə heyvandarlığın inkişafına da öz təsirini göstərəcəkdir. İndiyədək fermerlər qoyun sürülərindən əldə etdikləri yunu satmaq üçün heç bir ünvan tapa bilmirdilər. “Azərxalça”nın yun tədarükü məntəqələri bu problemi kökündən həll edəcək.

2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkında hazır xalçaların emal mərkəzi də inşa ediləcək. Bu mərkəz fəaliyyətə başladıqdan sonra xalçaların satışa çıxarılması prosesi intensivləşəcək.

Xalça istehsalı emalatxanaları yaratmaq, onları xamalla təmin etmək işin bir tərəfidir. Digər mühüm bir istiqamət isə kadr hazırlığıdır. Toxucu kadrların hazırlanması üçün xalça istehsalı emalatxanalarının fəaliyyət göstərdiyi və yeni filialların yaradıldığı şəhər və rayonlarda tədris-hazırlıq kursları təşkil olunub. Bu kurslara indiyədək 2 min nəfərdən çox toxucu cəlb edilib.

Həm kurslara cəlb edilən, həm də xalça emalatxanalarında çalışan qadınların əksəriyyəti gənclərdir. Gənclərin bu sənətə yönləndirilməsi olduqca vacib və önəmli məsələdir. Çünki xalçaçılıq sənətinin yaşadılması gənclərin bu sənəti davam etdirməsindən asılıdır. Hamımıza məlumdur ki, XXI əsr yüksək texnologiyalar, sürətli innovasiyalar və elm tutumlu istehsalatlar əsridir. Müasir dövrün gəncləri elmi-texniki yeniliklərə daha çox meyl edir. Bu isə ənənəvi sahələrin, milli dəyərlərin unudulmasına gətirib çıxarır. Millətlərin və dövlətlərin öz milli dəyərlərini, ənənəvi sahələrini qoruyub saxlaya bilmələri üçün gənclər bu sahələrə istiqamətləndirilməli, onları yaşatmalı və davam etdirməlidirlər. Bu mənada gənclərin "Azərxalça"nın filiallarında işlə təmin olunması, onların toxuculuq peşəsinə yiyələnməsi strateji məqsədlərə xidmət edir. Yaxşı hal odur ki, xalça istehsalı emalatxanalarında işləyən gənclər ömrünü bu sənətə həsr edən, uzun illərdir xalçaçılıqla məşğul olan toxucularla bir yerdə çalışır, onlardan sənətin sirlərini daha dərindən öyrənirlər. Beləliklə, xalçaçılıqda varislik təmin olunur, qədim el sənətimiz yaşadılaraq gələcək nəsillərə ötürülür.

Eyni zamanda xalçaçı-rəssamlar, yun və boyaq bitkilərinin tədarükü və emalı, hazır xalçaların emalı, xalça ticarəti və xalçaçılığın inkişafı üçün vacib olan digər istiqamətlər üzrə də mütəxəssislər hazırlanır.

“Azərbaycan xalçası çox yüksək keyfiyyətə malikdir və onun satış qiyməti də yüksəkdir. Beləliklə, həm ölkə daxilində, həm də xaricdə satılan xalçalar Azərbaycan iqtisadiyyatına töhfə verəcək, ölkəmizə valyuta gələcək və qeyri-neft sektorumuz da inkişaf edəcək”, deyən ölkə rəhbəri bu istiqamətdə də qarşıya mühüm vəzifələr qoyub. “Azərxalça”nın məhsullarının dünya bazarında satışının həyata keçirilməsi üçün ilk növbədə onun təbliği və təqdimatı lazım idi. Ona görə də Almaniyada, Amerika Birləşmiş Ştatlarında, Rusiyada keçirilən beynəlxalq satış-sərgilərdə Azərbaycan xalçası nümayiş etdirilib. Bütün bunların nəticəsidir ki, həmin ölkələrin bu sahə üzrə ixtisaslaşmış iri şirkətləri Azərbaycan xalçalarına ciddi maraq göstərirlər. Artıq bu şirkətlərlə danışıqlar aparılıb, həmin ölkələrə xalça ixracı üçün müqavilələr hazırlanır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə xalçaçılıq sahəsində görülən işlərin dünyada analoqu yoxdur. Cənab İlham Əliyev xalçaçılığa iqtisadi faktordan daha çox milli dəyərlər konteksindən yanaşdığı üçün bu sahəyə çox böyük diqqət yetirir. Bu qədim el sənətinə göstərilən yüksək qayğının daha bir təzahürü odur ki, Azərbaycan xalçaçıları dövlət başçımızın sərəncamı ilə hər il may ayının 5-ni peşə bayramları kimi qeyd edirlər. Xalçaçıların müxtəlif fəxri adlarla, medallarla təltif olunmağı isə onları ruhlandırır, daha yaxşı işləməyə sövq edir.

Cənab İlham Əliyevin son illər bu sahənin inkişafına 80 milyon manatdan çox vəsait ayırması, “Azərxalça”nın filiallarının açılış mərasimlərində iştirak etməsi, Azərbaycan xalçaçılarının qayğı və problemləri ilə maraqlanması dövlət başçımızın xalçaçılıq sənətinə, bütövlükdə isə milli dəyərlərimizə olan həssas münasibətinin nəticəsidir.

Xalçaçılıqla bağlı Azərbaycan dövlətinin konkret hədəfləri və strateji məqsədləri var. Prezident İlham Əliyev bu sahədə görülən işlərin əhəmiyyətindən danışarkən deyib: “Xalçaçılıq bizim milli sənətimizdir, milli sərvətimizdir. Azərbaycan xalqı bu sənəti əsrlər boyu yaşadır. Biz xalçaçılığı yaşatmaqla Azərbaycan xalqının nə qədər istedadlı olmasını dünyaya bir daha göstəririk. Eyni zamanda, gənc nəsil də, qızlar da bu sənətə cəlb olunurlar. Beləliklə, tam əminlik var ki, Azərbaycan dünyada xalçaçılığın inkişafında öz sözünü gələcəkdə də deyəcəkdir. Xalçaçılıq sənətinin inkişafı və "Azərxalça"nın uğurlu fəaliyyəti nəticəsində biz bir neçə məqsədə çatmış oluruq. İş yerləri, yerli istehsal, xammalın təşkili və ölkəmizin dünyada təbliği baxımından xalçaçılığın çox böyük önəmi var”.

Dövlət başçısının böyük qayğısı sayəsində yaradılan xalça fabriklərində toxunan xalçalar artıq “Azərbaycan brendi” kimi dünyaya ixrac olunur. Bu brend məhsullarla Azərbaycan təkcə maddi gəlir əldə etmir. Burda ölkəmizin mənəvi qazancı daha çoxdur. Çünki xalçalarla biz tariximizi, milli dəyərlərimizi, mədəniyyətimizi, xalq sənətkarlığımızı, xalqımızın təfəkkürünü bütün dünyada tanıdır və təbliğ edirik. Bu, Prezident İlham Əliyevin daha bir tarixi xidməti kimi, Azərbaycan var olduqca xalqımız tərəfindən daim minnətdarlıqla xatırlanacaq.

Tural Səfərov,

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti