Bakı. Trend:
Nizami Gəncəvi dünya ədəbiyyatında Azərbaycanın qüdrətli təmsilçisi, böyük elçisidir. Nizami Gəncəvi dünya ədəbiyyatında ən çox dildə oxunan nadir sənətkarlarındandır. Nizami irsinin tədqiqi ilə dünyanın əksər ölkələrinin ədəbiyyatşünasları, tədqiqatçıları məşğuldurlar. Nizamişünaslıq dünya şərqşünaslıq elminin bir istiqamətinə çevrilmiş və onun əsərləri azərbaycan xalqının ruhunun yüksək bədii ifadəsindən ibarətdir.
Trend-in məlumatına görə, Nizami Gəncəvi yaradıcılığına məhz Özbəkistanda olan böyük maraq və tələbatı nəzərə alan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Vikipediya könüllüləri böyük Azərbaycan şairi Nizami Gəncəvinin həyatı və yaradıcılığı haqqında Vikipediya Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində xüsusi bölmə istifadəyə verib.
Bölmədə Nizami Gəncəvinin Azərbaycan, Şərq və dünya ədəbiyyatındakı yeri və mövqeyi, böyük şairin həyatı, yaradıcılığı haqqında ətraflı məlumat verilir. Səhifədə şairin təxəllüsü, doğum tarixi və yeri, valideynləri və qohumları, təhsili haqqında, habelə Nizaminin "Xəmsə"si divanları haqqında da danışılır.
Habelə, bölmədə Nizami Gəncəvinin doğulduğu tarix, yer, onun farsca əsərləri yaratması, milliyəti ilə bağlı bir sıra əsassız iddialara aydınlıq gətirilir, tarixi faktlar, dünyanın aparıcı alimlərinin, araşdırmaçılarının fikirləri ilə dolğun məlmat verilir.
Yazılır ki, Nizami Gəncəvi bəşər bədii mədəniyyət tarixinə yeni fikirlər, ideyalar gətirmiş, şərq poeziyasını forma və məzmunca zənginləşdirmiş və yeni intibah ədəbiyyatının möhtəşəm abidələrini yaratmışdır. Onun yaradıcılığı dünya ədəbiyyatı tarixində təkrar olunmaz bir mərhələ, yeni bir tarixi dövr və müdriklik zirvəsidir. Şairin dünya ədəbiyyatının zirvəsi sayılan beş əsəri "Xəmsə"yə daxil olan hər bir əsər haqqında yaradılmış bölmədə geniş məlumat, şəkillər və ədəbiyyatsevərlər üçün olduqca maraqlı faktlar yer yer alır.
Özbək dilində Nizami Gəncəvi haqqında yaradılmış bölmədə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə "Xəmsə"nin Özbək dilinə tərcümə layihəsi, bu dilə çevrilmiş əsərlər haqqında məlumat verilməklə yanaşı, dahi şairinin xatirəsinə Özbəkistanın paytaxtı Daşkənd şəhərində yaradılmış Daşkənd Dövlət Pedaqoji Universiteti və onun büstünün şəkilləri, məlumatlar yer alır.
Qeyd edək ki, yaradılmış bölmə məqalə və fotoşəkillərlə olduqca zəngindir. Burada Nizami Gəncəvinin əsərləri haqqında yaradılan musiqi əsərləri, romanslar, operalar, simfonik əsərlər, habelə dahi şairə dair çoxsaylı ədəbiyyat siyahısı yerləşdirilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə Mərkəzin Vikipediya könüllüləri ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının "Vikipediya" Metodik Mərkəzinin könüllüləri arasında təcrübə mübadiləsi və bu istiqamətdə əməkdaşlıq həyata keçirilir.
Nizami Gəncəvi haqqında Özbək dilində bölmə ilə BURADAN tanış olmaq mümkündür.