Bakı. Trend:
I Türk Dünyası Mədəniyyət Forumu çərçivəsində Şuşa Bəyannaməsi qəbul olunub.
Bu barədə Trend-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşa şəhərində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən I Türk Dünyası Mədəniyyət Forumunun iştirakçıları tərəfindən Şuşa Bəyannaməsi qəbul edilib.
Bəyannamədə qeyd olunur:
1. Türk dünyasının ilk mədəniyyət forumuna dəstəyinə görə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bütün
iştirakçılar adından təşəkkür edirik.
2. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, eləcə də Türk
Dünyasının 2023-cü il üzrə mədəniyyət paytaxtı Şuşaya Böyük
Qayıdışı və bu yolda sürətlə aparılan genişmiqyaslı bərpa-quruculuq
işlərini və mədəni mühitin canlandırılmasını alqışlayırıq.
3. 30 illik işğal dövründə, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur
bölgələrində Türk dünyası mədəni irsinin ayrılmaz tərkib hissəsi
tarixi və mədəni abidələrin geniş miqyaslı dağıdılması, həmçinin
mədəni mülkiyyətin qaçaqmalılığı və qanunsuz dövriyyəsi kimi ağır
beynəlxalq humanitar hüquq pozuntularını qəti şəkildə pisləyir və
bütün aidiyyəti beynəlxalq təşkilatlar tərəfindən bu məsələdə sərt
mövqe tutulmasını tələb edirik.
4. Şuşada baş tutan diskussiyalar və geniş fikir mübadilələri
çərçivəsində türk mədəniyyətinin dünəni, bu günü və sabahı nəzərə
alaraq mövcud çağırışların birgə əməkdaşlıqda həlli üçün yeni
mexanizmlərin yaranmasını dəstəkləyirik.
5. Türk dilləri və ədəbiyyatı vasitəsilə ortaq mədəni mövqeyimizin
gücləndirilməsini zəruri hesab edir və bu irsin rəqəmsal mühitə
transformasiyasını sürətləndirməyə çağırırıq.
6. I Türk Dünyası Mədəniyyət Forumu çərçivəsində əldə edilmiş
müsbət nəticəni nəzərə alaraq türk tarixi-mədəni irsinin
araşdırılması, bərpası, mühafizəsi və təbliği sahəsində birgə
fəaliyyət və ən yaxşı təcrübənin bölüşülməsinə xidmət edəcək Türk
dünyasının İrs üzrə rəhbərlərinin şəbəkəsinin yaradılmasını
alqışlayır və mütəmadi əsaslı platforma fəaliyyətinə başlamasını
tövsiyə edirik.
7. Türk dünyasında mədəni marşrutlar proqramının təsis edilməsini
və ilk mədəni marşrutun yaradılması təşəbbüsünü perspektivli ortaq
layihə kimi yüksək qiymətləndirir və bütün maraqlı tərəfləri bu
təşəbbüsün irəlilədilməsində fəal iştiraka çağırırıq.
8. Mədəniyyətin rəqəmsallaşması, habelə XXI əsrdə türk mədəniyyəti
qarşısında duran çağırışlara cavab verən ortaq həlləri təşviq
edirik və mədəniyyət sahəsindəki yaradıcı sənayelərin ortaq
bazarların yaradılması üzrə müzakirələrin intensivləşməsini təklif
edirik.
9. Azərbaycan Respublikasının təşəbbüsü ilə yaradılmış Türk Dünyası
Mədəniyyət Forumu bütün əsas maraqlı tərəflərin təmsilçilərini bir
araya gətirən mühüm universal platforma kimi uğurlu olduğunu qeyd
edirik və Forumun iki ildən bir keçirilməsinə təklif edirik.
Sonda tədbir iştirakçıları birlikdə xatirə şəkilləri çəkdiriblər.