Bakı. Trend:
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Əməkdar artisti, beynəlxalq müsabiqə və festivallar laureatı, pianoçu Rəna Rzayevanın "Əbədi qayıdış" kitabının təqdimatı keçirilib.
Trend xəbər verir ki, tədbir çərçivəsində Rəna Rzayeva “Nəsillər boyunca" adlı xüsusi konsert proqramı ilə çıxış edib.
Konsertdə ön söz ilə Əməkdar incəsənət xadimi, musiqişünas Zümrüd Dadaşzadə çıxış edərək Rəna Rzayevanın həyat və yaradıcılığından söz açıb.
Bildirib ki, hər konsertin öz təhkiyə xətti olur. Bugünki konsert də Rəna xanımın yazdığı xatirə kitabı ilə bağlıdır. O, öz atasına, uzun illər dövlət vəzifələrində çalışmış, ictimai xadim Cəmaləddin Rzayeva ithaf edilmiş kitabdan təkan alaraq bizi maraqlı bir səyahətə dəvət edəcək.
Musiqişünas əlavə edib ki, müəyyən araşdırıcılıq işinin nəticəsi olan kitab da, konsert proqramı da Rəna xanımın bir sıra önəmli keyfiyyətlərinə, mərdliyinə, yenilik sorağında olmasına dəlalət edir. Proqramda yer alan beş sonata - kitabın əsas fəsillərinə, Cəmaləddin Rzayevin həyatından ayrı-ayrı hadisələrə bir illüstrasiya kimi düşünülüb. Müəllif kitabda görkəmli dövlət xadiminin obrazını geniş bir fonda təqdim edir. Kitab yaxşı strukturlaşdırılıb, bədii təhkiyə adama zövq bəxş edir.
Konsert proqramında Y.Haydn, N.Metner, A. Skryabin, C.Debussi, A.Əlizadə, R. Həsənovanın əsərləri , həmçinin Rüfət Xəlilovun "İlğım" əsəri ilk dəfə səslənib. Qeyd edək ki, Rəna Rzayeva Azərbaycan Dövlət Konservatoriyasının məzunudur və 1984-cü ildən 2013-cü ilə qədər Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur.
Rəna Rzayeva dünyanın bir çox ölkələrində Avstriya, Almaniya, Hollandiya, İtaliya, İngiltərə, Fransa, İsveçrə, ABŞ, Rusiya, İspaniya, Türkiyə və Misirdə solo konsertlərlə çıxış edib. Onun repertuarına İ.S.Baxdan başlayaraq müasir bəstəkarlara qədər olan əsərlər daxildir.
Zümrüd Dadaşzadə tanınmış pianoçu haqqında məqalələrində yazır:
“Rəna Rzayevanın adı musiqi cameəsinə kifayət qədər yaxşı bəllidir. Xatırladım ki, o, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını professor Elmira Səfərovanın sinfi üzrə bitirdikdən sonra pianoçu kimi fəal çalışaraq, mütəmadi konsertlər verərək, özünü düşünən, axtarışda olan, bir sıra "ilk"lərə imza atan musiqiçi kimi tanıtdırıb. Mütəhərriklik, ali zövq, yeni musiqiyə sevgi - bu sözlər onu gözəl səciyyələndirir. O, daim yeni adlar, yeni əsərlər sorağındadır. Bəstəkarlar da ona etibar edir, onun təfsirlərini yüksək dəyərləndirirlər. Yeni Azərbaycan musiqisini təmsil edənlərin böyük bir hissəsinin - Fərəc Qarayev, Azər Dadaşov, Firəngiz Əlizadə, Cavanşir Quliyev, Rəhilə Həsənova, İsmayıl Hacıbəyov, Salman Qəmbərov, Zaur Fərhadov və neçə-neçə başqa müəllifin əsərlərini məhz Rəna xanım - çox zaman ilk dəfə - səsləndirib. Əlbəttə, repertuarında Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmirov, Arif Məlikov, Aqşin Əlizadə də var. Başqa sözlə, Rəna xanımın yaradıcılığı timsalında Azərbaycan fortepiano musiqisinin inkişaf tarixinin əsas mərhələlərini də izləmək olar. Özü də bəstəkarların bir çoxu öz əsərlərini məhz Rəna Rzayevaya ithaf ediblər. Ulf-Diether Soyka - Avstriya bəstəkarının Piano konserti də məxsusi Rəna xanım üçün yazılıb. Bu, əcnəbi bəstəkarın azərbaycanlı ifaçıya həsr etdiyi ilk əsərdir”.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az