Azərbaycan, Bakı, 17 oktyabr /Trend/
8 saylı Binəqədi birinci Seçki Dairəsindən deputatlığa namizəd Azay Quliyev bu gün də seçicilərlə növbəti görüşlərini keçirib.
7-ci mikrorayonda, A.Kunanbayev küçəsinin sakinləri ilə görüşdə əvvəlcə deputatlığa namizədin vəkili Əvəz Həsənov Azay Quliyevin ictimai-siyasi və deputatlıq fəaliyyəti haqqında danışıb.
Seçici İlahir Əliyarov bildirib ki, Azay Quliyevin deputat təcrübəsi, ictimai nüfuzu, işgüzarlığı, ona səs verəcək seçiciləri yüksək səviyyədə təmsil etmək üçün bir təminatdır. "Çünki, Azay Quliyev Şirvanda əsl millət vəkili örnəyini ortaya qoyub".
Görüşdə çıxış edən seçicilər dairə ərazisində olan bir sıra məsələlər haqqında fikirlərini çatdırıblar.
Seçiciləri qarşısında çıxış edən Azay Quliyev qeyd edib ki, yenidən deputat seçildikdən sonra səsləndirilən bütün məsələlərin araşdırılaraq onların həlli istiqamətində müvafiq addımlar atılacaq.
Azay Quliyevin səmimiyyətinə və işgüzarlığına inandıqlarını deyən seçicilər, 1 noyabrda yüksək fəallıq nümayiş etdirəcəklərini, məntəqələrə gedərək Azay Quliyevə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, Azay Quliyevin seçicilərlə növbəti görüşü oktyabrın 19-da saat 16.00-da 7-ci mkr. A.Kunanbayev küçəsi 7A binasının sakinləri ilə olacaq.