...

Aydın Səfixanlı: 20 Yanvar faciəsi insanlıq əleyhinə cinayətdir

Gündəm Materials 20 Yanvar 2018 15:35 (UTC +04:00)

Bakı. İlhamə Isabalayeva -Trend :

"20 Yanvar faciəsi insanlıq əleyhinə cinayətdir. Bu tarix həm şəhidlərimizin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birliyi, bərabərliyi, fəxr və şərəf günüdür".

Bunu Trend-ə Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Aydın Səfixanlı deyib.

A.Səfixanlının sözlərinə görə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələrinin və zirehli texnikasının Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin bir çox şəhər və rayonlarına yeridilməsi nəticəsində beynəlxalq hüquq normaları, o vavt qüvvədə olmuş keçmiş SSRİ-nin və Azərbaycan SSR-nin konstitusiyalarının müvafiq müddəaları kobudcasına pozulmuş, öz torpaqlarının, milli mənliyinin müdafiəsinə qalxmış çoxmillətli xalqımıza qarşı insanlıq əleyhinə cinayət törədilib.

Sovet qoşunlarının təcavüzü nəticəsində milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 147 silahsız mülki şəxs amansızcasına öldürülüb, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 744 dinc, günahsız insan yaralanıb, yüzlərlə adam itkin düşüb, 841 nəfər qanunsuz həbs edilib. Yanvarın 20-də fövqəladə vəziyyət elan edildikdən sonra isə daha 21 nəfər öldürülüb. Yaralıları çıxaran təcili tibb yardımı maşınlarına və həkimlərə də atəş açılıb, tibb işçiləri də yaralanıb, şəhid olub.

Aparat rəhbəri bildirib ki, insanlıq əleyhinə törədilmiş bu müdhiş əməl nəticəsində BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın, habelə insan hüquqlarına dair digər beynəlxalq hüquqi sənədlərin müddəaları kobud şəkildə pozulub:

"Beynəlxalq hüquqa əsasən, 20 Yanvar faciəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməlidir. Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun 7-ci maddəsinə əsasən, insanların məhv edilməsi, məcburi yoxa çıxarılması, siyasi, irqi, etnik, mədəni və ya cinsi motivlərə görə təqib edilməsi, işgəncə, qəsdən güclü iztirablara səbəb olma və ya ağır bədən xəsarətləri, yaxud fiziki və ya psixi sağlamlığa mühüm ziyan vurmaqdan ibarət olan digər qeyri-insani hərəkətlər insanlıq əleyhinə cinayət kimi tövsif edilir.

"İlk dəfə olaraq, insanlıq əleyhinə cinayətlərə Nürnberq Tribunalı Nizamnaməsinin 6-cı maddəsində anlayış verilib. Nizamnaməyə əsasən, istənilən mülki əhaliyə qarşı müharibədən qabaq və ya müharibə dövründə, Tribunalın yurisdiksiyasında olan hər hansı bir cinayətlə bağlı törədilən adamöldürmə, kütləvi qırğın, kölə vəziyyətinə salma, deportasiya və digər qeyri-insani aktlar və yaxud siyasi, irqi və ya dini əsasda təqiblər insanlıq əleyhinə cinayətlər hesab olunur.

Beynəlxalq hüquqa əsasən törədilən cinayət əməllərinin insanlıq əleyhinə cinayət kimi tövsif olunması üçün iki şərt tələb olunur. Birincisi, əməl sistematik və ya geniş miqyasda törədilməlidir, ikincisi əməl hökumət və ya istənilən təşkilat, yaxud qrup tərəfindən həvəsləndirilməli və ya istiqamətləndirilməlidir.

Eyni zamanda qeyd etmək istərdim ki, beynəlxalq hüquq insanlıq əleyhinə cinayətlərin müharibə zamanı və ya dinc vaxtı törədilə bilməsi ilə bağlı şərt də müəyyən etmir. Belə ki, Yuqoslaviya və Ruanda tribunallarının Nizamnamələri (müvafiq olaraq 5-ci və 3-cü maddə) digər bir beynəlxalq cinayətlə əlaqənin olması tələbini nəzərdə tutmur. Bundan əlavə, Ruanda tribunallarının Nizamnaməsində birbaşa göstərilir ki, insanlıq əleyhinə cinayətlər müharibə zamanı və ya dinc vaxtı törədilə bilər. Beynəlxalq silahlı münaqişənin insanlıq əleyhinə cinayətlər üçün zəruri şərt olmaması Yuqoslaviya tribunalı tərəfindən Duşko Tadiçin işində bir daha təsdiq olunmuşdur: “Hazırda belə bir beynəlxalq hüquq adət norması təşəkkül tapmışdır ki, insanlıq əleyhinə cinayətlər beynəlxalq silahlı münaqişə ilə əlaqə tələb etmir.

Bu baxımdan 20 yanvar faciəsi zamanı dinc əhaliyə qarşı törədilmiş cinayətlər insanlıq əleyhinə cinayətin tərkibini yaratdığından cinayəti törətmiş hərbçilərin və onların törədilməsinə əmr vermiş hərbi komandanlıq üzvlərinin, həmçinin də bu cinayətkar planı işləyib hazırlamış və onun həyata keçirilməsinə göstəriş vermiş o vaxtkı SSRİ rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunması məsələsi qoyulmalıdır".

A.Səfixanlı qeyd edib ki, fiziki şəxslərin beynəlxalq cinayət məsuliyyəti prinsipi də beynəlxalq hüquqda öz əksini tapıb. Bu prinsipə müvafiq olaraq, hər hansı beynəlxalq cinayəti törətmiş və yaxud törədilməsində bu və ya digər şəkildə iştirak etmiş şəxs tutduğu mövqedən asılı olmayaraq həmin cinayət əməlinə görə məsuliyyət daşıyır:

"Bir mühüm məsələni də qeyd etmək lazımdır ki, törədilmə vaxtından asılı olmayaraq belə cinayətləri törətmiş şəxslər məsuliyyətə cəlb edilə bilərlər. Belə ki, “Hərbi cinayətlərə və insanlıq əleyhinə cinayətlərə iddia müddətinin tətbiq olunmaması haqqında” 1968-ci il Konvensiyasına əsasən, insanlıq əleyhinə cinayətlərə hər hansı bir iddia müddəti tətbiq olunmur.

Qeyd etmək istərdim ki, Azərbaycanın Cinayət Məcəlləsinin 16-cı fəsilində sülh və insanliq əleyhinə cinayətlər Beynəlxalq Cinayət Məhkəməsinin Nızamnaməsində olduğu kimi təsbit olunub.

Beləliklə, göründüyü kimi, 20 yanvar hadisələrinin beynəlxalq hüquqa əsasən, beynəlxalq cinayətlərin ən ağır növlərindən olan insanlıq əleyhinə cinayət kimi tövsif edilməsi üçün kifayət qədər hüquqi baza vardır. Eyni zamanda bu vəhşilikləri törətmiş hərbi qulluqçuların və onların icrasına əmr verənlərin, xüsusilə, o vaxtkı sovet dövlətinin rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunması üçün yetərincə əsaslar mövcuddur.

Məlum olduğu kimi, 20 yanvar faciəsi ilə bağlı ən ciddi bəyanatı o dövrdə Moskvada yaşayan Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqı adından vermişdi. Məhz imperiyanın mərkəzində, dünyanın aparıcı KİV təmsilçiləri qarşısında irəli sürülən, 20 Yanvar faciəsində insanlığa qarşı törədilən qırğınlara siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb edən bu bəyanat ciddi rezonans doğurmuşdu. Həmin bəyanatda sovet dövlətinin başçısı M.S.Qorbaçovu birbaşa ittiham etməsi onun cəsarətinin, öz xalqına dərin məhəbbətinin, bağlılığının daha bir sübutu idi.

1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis həmin tarixi Ümumxalq Hüzn günü elan etmişdir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova hər il 20 yanvar faciəsi ilə bağlı bəyanat verərək bu bəyanatı BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlayır.

İnanıram ki, bu qanlı aksiya insanlıq əleyhinə cinayət kimi tezliklə beynəlxalq hüquqi qiymətini alacaq, cinayətkarlar məsuliyyətə cəlb olunacaqlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti