...

Qazaxda elektrod zavodunun inşası bu il başa çatdırılacaq

Gündəm Materials 29 Yanvar 2018 19:51 (UTC +04:00)
Qazaxda elektrod zavodunun inşası 2018-ci ildə başa çatdırılacaq.
Qazaxda elektrod zavodunun inşası bu il başa çatdırılacaq

Bakı. Trend:

Qazaxda elektrod zavodunun inşası 2018-ci ildə başa çatdırılacaq.

Trend-in məlumatına görə, bunu Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışında deyib.

R.Babaşov bildirib ki, 2017-ci ildə rayonumuza investisiyanın cəlb olunması ilə bağlı işlər daha da genişləndirilib və iqtisadiyyatın müxtəlif sahələrinə ümumilikdə 43,8 milyon manat, o cümlədən sənayeyə 26,5 milyon manat özəl sərmayə qoyulub:

“Əsasən yerli xammaldan səmərəli istifadə etməklə sənaye müəssisələrinin yaradılmasına xüsusi diqqət yetirilib. Daş Salahlı kəndində “Mətanət A” şirkəti tərəfindən dəyəri 15 milyon manat təşkil edən, illik gücü 50 min ton olan əhəng zavodunun tikintisi başa çatdırılıb, “HGC GROUP” MMC tərəfindən illik gücü 1 milyon ton sement və 825 min ton klinker olan istehsal müəssisəsi yaradılıb, “Saloğlu” mebel firması istehsalın genişləndirilməsinə 16 milyon manat vəsait yönəldib. Bu müəssisələrin məhsulları həm də ixracyönümlü olmaqla bölgənin iqtisadiyyatına öz müsbət təsirini göstərəcək. Bunlarla yanaşı, rayonda konserv zavodu, tikinti materialları müəssisəsi də istifadəyə verilib, hazırda elektrod zavodunun inşası davam edir və 2018-ci ildə başa çatdırılacaq”.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı qeyd edib ki, ümumilikdə ötən il istifadəyə verilmiş müəssisələrdə 1177 yeni iş yeri yaradılıb:

“2017-ci ildə kənd təsərrüfatı sahəsinə 16,4 milyon manat investisiya cəlb edilib, sahibkarlar tərəfindən müasir suvarma sistemlərinin və innovativ texnologiyaların tətbiqinə əsaslanan fermer təsərrüfatları və Qazax Aqroparkı yaradılıb. Ölkəmizin kənd təsərrüfatı məhsullarının idxalından asılılığını azaltmaq üçün yaradılmış əlverişli şəraitdən bəhrələnən fermerlər əkin sahələrini genişləndirib və rayon üzrə 18,7 min hektar sahədə kənd təsərrüfatı məhsulları əkiblər. 2018-ci ildə əkin sahələrinin 20 min hektara çatdırılması qarşıya məqsəd qoyulub”.

R.Babaşov deyib ki, rayon üçün ənənəvi sayılan kartof əkini ötən illərdə ən yaxşı halda 273 hektar idisə, 2017-ci ildə əkin sahələri 3 dəfə artırılaraq 809 hektara çatdırılıb, bu sahədə çalışanların sayı da artaraq 2380 nəfər təşkil edib, hektardan orta məhsuldarlıq 117 sentnerdən 271 sentnerə qaldırılıb, nəticədə rayon üzrə 22 min ton məhsul istehsal edilib:

“Taxılçılıqda da yüksək nəticələr əldə olunub. Ötən il 36,5 min ton taxıl istehsal edilib ki, bu da 2016-cı ildəkindən 12,7 min ton çoxdur. Hər hektardan 33 sentner məhsul əldə edilib.

Baramaçılığın və tütünçülüyün inkişafı ilə əlaqədar verdiyiniz Sərəncam və tapşırıqların icrası ilə bağlı zəruri tədbirlər görülüb, nəticədə sakinlərdə həmin sahələrə maraq artıb və bu da, öz növbəsində, yüzlərlə ailənin gəlirlərinin və rifah halının yüksəlməsinə səbəb olub”.

İcra hakimiyyətinin başçısı vurğulayıb ki, ümumiyyətlə, əvvəlki illərdə kənd təsərrüfatında çalışanların sayı maksimum 7500 nəfər olduğu halda, ötən il bu sahəyə 13 082 nəfər rayon sakini cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti