Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycan gimnastı Mixail Malkin batut, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında tamblinq yarışlarında finala çıxıb.
Trend-in məlumatına görə, M.Malkin dördüncü nəticə göstərib.
Təsnifat mərhələsinin yekunlarına əsasən, M.Malkin 75,700 xal toplayıb. Finala həmçinin Vadim Afanasyev və Maksim Şlyakin (Rusiya), Rasmus Steffensen və Adam Mattisen (Danimarka), Kristoff Villerton və Qreq taunli (Böyük Britaniya), Dmitri Novosyolov (Belarus) vəsiqə qazanıb.
Qeyd edək ki, bu gün Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatının birinci günü start götürüb.
Yarışların birinci günündə gənclər arasında batut, eləcə də böyüklər arasında ikili mini-batut və tamblinq üzrə yarışlar keçirilir.
Azərbaycanı birinci gün yarışlarda Selcan Maqsudova, Riyad Abbasov və Mixail Malkin təmsil edir.
Milli Gimnastika Arenasında baş tutacaq sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkənin iştirakı və hər 3 növ üzrə idmançıların ümumi sayının 400-dən çox olacağı gözlənilir.
Gimnastlar üçün doğma məkana çevrilmiş arenada 4 gün davam edəcək turnir özündə 4 növ yarışları - fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batutu birləşdirəcək.
Avropa çempionatının əsas özəlliyi isə odur ki, gənc gimnastlar 2018-ci ildə baş tutacaq Gənclər arasında Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ilin Avropa Oyunlarına lisenziyanı məhz Bakıda əldə edə biləcəklər.
Çempionat aprelin 15-ə kimi davam edəcək.