Bakı. Trend:
Bakı Media Mərkəzi uşağın cinsi mənsubiyyətinə görə hamiləliyin süni pozulması - selektiv abort hallarının qarşısının alınması istiqamətində maarifləndirmə işinə töhfə vermək məqsədi ilə bu mövzuda videoçarx hazırlayıb.
Mərkəzdən Trend-ə verilən məlumata görə, videoçarxın hazırlanmasında əsas məqsəd Azərbaycanda abort hallarının qarşısının alınması istiqamətində maarifləndirmə işini irəliyə aparmaq, eləcə də bu mövzuda ictimai rəy formalaşdırmaqdır.
Videoda hamiləliyin dayandırılmasını istəyən gənc ailə təsvir olunur və abort olunan körpənin dilindən anaya xitabən təsirli fikirlər səsləndirilir.
Ümumi xronometrajı 1 dəqiqə 40 saniyə olan video internet saytları və sosial media kanalları vasitəsi ilə asan paylaşıla bilən formatda hazırlanıb.
Qeyd edək ki, Bakı Media Mərkəzi Azərbaycanın audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı və innovativ media şirkətidir.
Mərkəz haqqında daha ətraflı məlumatı şirkətin www.bakumediacenter.az rəsmi internet saytından, Facebook, Youtube, LinkedIn, İnstagram və Twitter sosial şəbəkələrindəki səhifələrindən əldə etmək mümkündür.