...

Dövlətə külli miqdarda ziyan vuran sahibkarın məhkəməsi başladı

Gündəm Materials 4 Dekabr 2018 16:59 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Emil Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Trend-in məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində ifadə verən "RİCH" firmasının təsisçisi İbrahim Səfərov qeyd edib ki, o "Azərbaqqaliyə" TTK-dan bir neçə dəfə şəkər tozu alıb: “Xaricdən mal almaq üçün isə pulu Emil Xəlilova verirdik. O da ölkəyə gətirdiyi malı "Azərbaqqaliyə" TTK-ya satırdı. Lakin sonuncu dəfə Emil bizi aldatdı. O mənə 675 min manat zərər vurdu”.

Məhkəmə prosesi dekabrın 6-da davam etdiriləcək.

İttihama görə, E.Xəlilov 1996-1999-cu illərdə faktiki rəhbərlik etdiyi "AİA", "Emil-96", "Titanus" və digər firmalarla keçmiş Ticarət Nazirliyinin "Azərbaqqaliyə" TTK arasında müqavilələr bağlayaraq ölkəyə şəkər tozu gətirəcəyini bildirib. Lakin dövlət tərəfindən ayrılan vəsaiti ələ keçirib. Həmçinin "RİCH" firmasına da şəkər tozu gətirmək vədi verib. E.Xəlilovun vurduğu zərər ümumilikdə 3 milyon 381 min manatdır.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) və 320.1-ci (sənədləri məhv etmə) maddələri ilə ittiham edilir.

Uzun müddət beynəlxalq axtarışda olan E.Xəlilov bu il avqustun 8-də Ukraynada həbs edilib və Azərbaycana ekstradisiya olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti