Bakı. Samir Əli - Trend:
15 iyun tarixində Azərbaycan-Rusiya sərhədində baş vermiş toqquşma nəticəsində 10 nəfər və 23-24 iyul tarixlərində Moskva şəhərindəki məlum iğtişaşlar zamanı 11 nəfər Azərbaycan vətəndaşı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Azərbaycanın Rusiyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, həmvətənlərimizin vəziyyəti ilk gündən Səfirlik tərəfindən müşahidə olunub, saxlanılan azərbaycanlılarla görüşlər keçirmək üçün Rusiyanın aidiyyəti qurumları ilə mütəmadi təmaslar qurulmuş və Səfirliyin səlahiyyətləri çərçivəsində lazımi addımlar atılıb: "Səfirliyin müşaviri, konsul Toğrul Sadıqov və konsulluğun üçüncü katibi Müsənnif Dadaşov Moskva şəhər Baş Polis İdarəsinin Cənub-Şərq İnzibati dairəsi üzrə idarəsinin müstəntiqi, ədliyyə leytenantı A.Pavlovla görüşüblər. Söhbət əsnasında o bildirilib ki, hal-hazırda istintaq davam edir.
Rusiyanın müvafiq təşkilatlarından razılıq alınandan sonra Səfirliyin adları qeyd olunan əməkdaşları Rusiya Federasiyasının Cəzaların İcrası Federal Xidmətinin Moskva şəhəri üzrə idarəsinin 7 nömrəli İstintaq Təcridxanasında olan Pərviz Həmidov (Rusiya vətəndaşı), Murtuzəli Zahidov və Bəhruz Vəliyevlə görüşüblər. Rusiya Federasiyasının Cəzaların İcrası Federal Xidmətinin Moskva şəhəri üzrə idarəsinin 1 və 2 nömrəli İstintaq Təcridxanalarında saxlanılan digər 8 nəfər vətəndaşımızla da görüşün təşkil edilməsi üçün aidiyyəti üzrə müraciətlər edilib".
Məlumatda qeyd edilir ki, 2-3 sentyabr 2020-ci il tarixlərində Toğrul Sadıqov və Müsənnif Dadaşov Rusiyanın Dağıstan Respublikasının ərazisində baş vermiş məlum insident nəticəsində saxlanılan Azərbaycan Respublikasının vətəndaşları ilə görüşmək üçün Dərbənd şəhərinə ezam olunublar: "Burada onlar Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Dağıstan Respublikası üzrə idarəsinin 2 nömrəli İstintaq Təcridxanasında saxlanılan 7 nəfər vətəndaşımız - Əziz Fərəczadə, Rövşən Hüseynov, Elmar Musayev, Emin İmaməliyev, Tural Qiyasov, Nahid Ağayev və Elbrus Əhmədovla görüşmüşlər. Digər 3 nəfər barədə isə ev dustaqlığı qətimkan tədbiri seçilib".
Səfitlikdən qeyd ediblər ki, keçirilmiş bütün görüşlər zamanı vətəndaşlarımız saxlanma şəraitlərinin qənaətbəxş olduğunu, ayrı-seçkiliklə üzləşmədiklərini, təcridxana rəhbərliyi və ya istintaq orqanı tərəfindən təzyiqlərə məruz qalmadıqlarını, vəkilləri ilə mütəmadi görüşə bildiklərini və sağlamlıqları ilə bağlı şikayətlərinin olmadığını diqqətə çatdırıblar.
Səfirliyin əməkdaşları tərəfindən məsələnin diqqət mərkəzində olduğu, lazımı hüquqi yardımla təmin olunacağı və hazırda bu istiqamətdə müvafiq işlərin davam etdirildiyi barədə həmyerlilərimizə məlumat verilib".
Məlumata görə, səfirlik əməkdaşları Toğrul Sadıqov və Müsənnif Dadaşov həmçinin Məhərrəmkənd rayonunun icra başçısı Fərid Əhmədovla görüşüb: "Onlar Dərbəndlə sərhəddəki Qullar ərazisində salınmış çadır şəhərciyinə gedərək buradakı şəraitlə tanış olublar.
Fərid Əhmədov çadır şəhərciyində yerləşən və Qullar kəndi ərazisində evlərdə yaşayan vətəndaşlarımızın sayı, onların vəziyyəti haqqında ətraflı məlumat verib.
Bu ağır dönəmdə sərhəddəki həmvətənlərimizə göstərdikləri yardım və dəstəyə görə Fərid Əhmədova və Dağıstan hökumətinə dərin minnətdarlıq bildirilib".