...

Şəhid olan 2 hərbçinin güzəştli mənzilləri ailələrinə təqdim edilib

Gündəm Materials 9 Yanvar 2021 13:31 (UTC +04:00)
Şəhid olan 2 hərbçinin güzəştli mənzilləri ailələrinə təqdim edilib

Bakı. Trend:

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə diqqət və qayğı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkə başçısının rəhbərliyi ilə bu kateqoriyaya aid olan insanların sosial müdafiəsinin gücləndirilməsi, müavinət və ya pensiya ilə təmin olunması, həmçinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirilir.

Mənzil İnşaatı Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, agentlyin növbəti layihəsi – Hövsan Yaşayış Kompleksində mənzil seçmiş, lakin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış 2 hərbçinin ailə üzvlərinin mənzillərlə təmin edilməsini MİDA-nın öz öhdəsinə götürməsi də dövlət qayğısının təzahürüdür.

Belə ki, “Güzəştli mənzil” sistemində “ən azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları” kateqoriyası ilə qeydiyyatdan keçən 1991-ci il təvəllüdlü Hüseynov Orxan Bəhmən oğlu və 1994-cü il təvəllüdlü Hüseynov Fərid Fətəli oğlu 10.09.2020-ci il tarixində Mənzil İnşaatı Dövlət Agentliyinin Hövsan Yaşayış Kompleksində mənzillərin satışında uğurla iştirak edərək 2 otaqlı mənzil seçmişlər.

2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizəyə qoşulan hər iki hərbçimiz canından, qanından keçərək şəhidlik zirvəzinə ucaldığından mənzillərin rəsmiləşdirilməsi mümkün olmamışdır. Ölkə başçısının siyasətinə uyğun olaraq hər 2 hərbi qulluqçumuz tərəfindən seçilən mənzillər onların ailələrinə təqdim edilmişdir.

Mənzillə təmin olunmuş şəhid ailələri xalqımıza tarixi Zəfəri bəxş edən Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Silahlı Qüvvələrimizlə qürur duyduqlarını qeyd ediblər. Onlara göstərilən yüksək diqqət və qayğıya, sosial müdafiələrinin gücləndirilməsi, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə görə dövlət başçısına dərin minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti