Bakı. Elçin Mehdiyev – Trend:
Avqustun 10-dan etibarən peşə təhsili müəssisələrinə 2021-2022-ci tədris ili üzrə tələbə qəbuluna start verilir.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, ötən ildə olduğu kimi peşə təhsili müəssisələrinə tələbə qəbulu elektron qaydada ödənişsiz formada aparılacaq. Peşə təhsili almaq istəyən şəxslər 10-20 avqust tarixlərində portal.edu.az platforması vasitəsilə qeydiyyatdan keçməlidirlər. Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır.
Qeydiyyatdan keçmiş müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.
Müraciət edən şəxslərin nəticələri barədə məlumatın “Şəxsi kabinetim” bölümündə yerləşdirilməsi və “SMS” bildiriş vasitəsilə də təqdim edilməsi nəzərdə tutulur. Müsabiqədən uğurla keçən namizədlər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərin əslinin təqdim edilməsi üçün dəvət olunacaqlar.
Qeyd edək ki, 2021-2022-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas olmaqla 21 260 yer üzrə aparılacaq. Ötən il ilə müqayisədə qəbul planı 9,6 faiz artırılıb. Yeni tədris ilində peşə təhsilinin əhatəsinin genişləndirilməsi ilə yanaşı yeni ixtisasların da tədrisinə başlanılması nəzərdə tutulur. Texniki peşə təhsil səviyyəsi üzrə 4 yeni ixtisasın, yüksək texniki peşə təhsil səviyyəsi üzrə isə 15 yeni ixtisasın tədrisi aparılacaq. Təklif edilən yeni ixtisaslar əmək bazarının tələbləri nəzərə alınmaqla formalaşdırılıb.
2021-2022-ci tədris ilində ilk dəfə olaraq 5 regionda yerləşən 7 peşə təhsil müəssisəsində yüksək texniki peşə təhsil səviyyəsinin tədrisi aparılacaq. 15 ixtisas üzrə aparılacaq qəbul prosesində dövlət hesablı 840 yer ayrılıb. Yüksək texniki peşə təhsili səviyyəsi - peşə təhsil pilləsinin ən yüksək səviyyəsi olmaqla subbakalavr ixtisas dərəcəsi üzrə kadr hazırlığını nəzərdə tutur.
Twitter: @ElchinMehdiyev