...

Bakıda bacısını güllələyib öldürən keçmiş məmur oğlu bir il azadlıqdan məhrum edildi

Gündəm Materials 25 Avqust 2021 15:15 (UTC +04:00)
Bakıda bacısını güllələyib öldürən keçmiş məmur oğlu bir il azadlıqdan məhrum edildi

Bakı. Samir Əli - Trend:

Xəzər rayon Məhkəməsində bacısını qətlə yetirməkdə təqsirləndirilən Məmmədəli Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, Xəzər rayon Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə M. Babayev 1 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il sentyabrın 20-də səhər saatlarında Xəzər rayonu Türkan qəsəbəsi ərazisində qeydə alınıb. Qəsəbə sakini, 1991-ci il təvəllüdlü Aydan Babayevanın odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı, 1996-cı il təvəllüdlü Məhəmmədəli Babayevin aralarında yaranmış münaqişə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq Aydan Babayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Babayev Məhəmmədəli Rahil oğlu barəsində verilən ittiham Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsindən Cinayət Məcəlləsinin 122-ci (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.

Xatırladaq ki, hadisəni törədən şəxs Xəzər Rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayevin oğlu, ölən şəxs isə qızıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti