...

Belçikada yaşayan azərbaycanlılarla görüş keçirilib (FOTO)

Gündəm Materials 27 Avqust 2021 18:29 (UTC +04:00)
Belçikada yaşayan azərbaycanlılarla görüş keçirilib (FOTO)

Bakı. Trend:

Diasporla İş üzrə Dövlət Komitəsi Belçikadakı Azərbaycan icması ilə görüş keçirib. Görüş Brüsseldə yerləşən Azərbaycan Evində təşkil edilib.

Komitədən Trend-ə bildirilib ki, tədbirdə Komitə nümayəndələri, Azərbaycanın Belçikadakı fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqov, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının, Azərbaycan Evinin, Belçikadakı azərbaycanlı icmasının təmsilçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan ərazilərimizdə aparılan quruculuq işləri barədə ətraflı məlumat verib, 44 günlük Vətən müharibəsi dönəmində və indiyədək davam edən pandemiya mərhələsində Azərbaycan diasporunun fəaliyyətini müsbət qiymətləndirib. Azərbaycan dövlətinin diaspor siyasəti, dövlət başçısının tapşırığı ilə diasporun təşkilatlanması istiqamətində Komitənin həyata keçirdiyi layihələr, Koordinasiya Şuralarının, Azərbaycan Evlərinin yaradılması, qarşıda duran vəzifələr və hədəflər barədə müfəssəl məlumat verib. Bu istiqamətdə tədbir iştirakçılarına, xüsusilə də diasporun gələcəyi olan gənclərə tövsiyələrini çatdırıb və təkliflərini səsləndirib.

Sonra Komitənin Vətən müharibəsi dönəmindəki fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub, Komitənin son illərdəki gördüyü işlər, o cümlədən Şuşaya təşkil olunmuş səfərlər barədə hesabat xarakterli məruzə təqdim edilib.

Belçika–Azərbaycan münasibətlərindən danışan səfir Vaqif Sadıqov soydaşlarımızın bu ölkənin yerli cəmiyyətinə inteqrasiya olunduğunu qeyd edib. Azərbaycanlı diplomat Dövlət Komitəsinin bu istiqamətdə gördüyü işləri təqdirəlayiq hesab edib və qarşıda duran hədəflərin reallaşmasında soydaşlarımızın, xüsusi ilə də cəmiyyətin aparıcı qüvvəsinin -gənclərimizin üzərinə böyük məsuliyyət düşdüyünü, Belçikada yaşayan azərbaycanlı gənclərin xalqlararası münasibətlərin möhkəmləndirilməsində fəal iştirak etməli olduğunu, keçirdikləri tədbirlər vasitəsi ilə məlumatlılığın artırmasına töhfə verə biləcəklərini vurğulayıb. Daha sonra səfir Vaqif Sadıqov diasporun qarşısına qoyduğu hədəflərin dünyanın dəyişən reallıqlarına uyğun seçilməli olduğunu bildirib, xüsusi ilə Avropada yaşayan soydaşlarımızın beynəlxalq qurumlarla, təşkilatlarla işləməsinin əhəmiyyətinə, bu sahədə fəallığın önəminə diqqət çəkib.

Görüş interaktiv şəkildə davam edib, diaspor təşkilatlarının daha mütəşəkkil şəkildə əlaqələndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti