Bakı. Fərid Zöhrabov - Trend:
Bu gündən Azərbaycanda ictimai hamamların fəaliyyət göstərilməsinə icazə verilir. İki ilə yaxın idi ki, sərt karantin qaydalarına görə, ictimai hamamlar qadağan edilmişdir. Bəs ümumi hamamların açılması koronavirusun artmasına necə təsir edəcək?
Bununla bağlı Trend-ə açıqlama verən infeksionist-hepatoloq Mərdan Əliyev bildirib ki, ictimai hamamlarda koronavirusun geniş yayılması mümkün olan yerlərdəndir.
"Belə ki, hamamlar nəm və rütubətli olur. Bu da xəstəliyin yayılma ehtimalını artırır. Hamamda koronavirus xəstəsi varsa başqlarını da rahatlıqla yoluxdura bilər. Girişlərdə vaksin sertfikatı və paportu mütləq tələb olunmalıdır. İctimai hamamların açılması sərt karantin qaydaları tətbiq ediləndən sonra ləğv edilən qadağalardan biridir. Nəzərə alsaq ki, ölkəmizdə hamamlara kütləvi axın yoxdur. Buna görə də hamamların açılması koronavirusa yoluxmaların artmasına səbəb olmayacaq", - deyə o bildirib.
Qeyd edək ki, Hamamların fəaliyyət göstərilməsi Nazirlər Kabineti xüsusi karantin rejimində ictimai iaşə, xidmət müəssisələrinin fəaliyyəti və peyvəndlənməyə dair qərarında əksini tapıb.
Hamam xidmətləri göstərən obyektlərin xidmətlərindən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, yalnız COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmuş və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olan yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər istifadə edə bilər.