...

Ermənistanın ekoloji terroru: Meşələrimiz necə talanıb?

Gündəm Materials 16 Dekabr 2021 20:01 (UTC +04:00)
Ermənistanın ekoloji terroru: Meşələrimiz necə talanıb?

Bakı. Trend:

Təəssüflə qeyd etməliyik ki, Azərbaycanın ərazi bütövlüyü uzun illər erməni təcavüzünə məruz qalıb. 30 ilə yaxın bir dövr ərzində torpaqlarımız, təbii, maddi və mənəvi sərvətlərimiz vəhşicəsinə talanıb. İllərlə hansısa bir sahənin qurulması üçün çəkilən zəhmətlər hədər edilib. Hələ dinc əhalinin necə qanına qəltan edilməsindən, ev-eşiklərinin yağmalanmasından, yurdlarından didərgin salınmasından danışmırıq.

Ermənilərin azərbaycanlılara qarşı mənşəyi bəlli olmayan kin-küdurəti, əsassız torpaq davaları təbii sərvətlərimizə də zərərsiz ötüşmədi. Belə ki, mənfur düşmən heç bir rəsmi və ya qeyri-rəsmi xəbərdarlıqlara, beynəlxalq sənədlərə məhəl qoymadan təbii sərvətlərimizi çapıb-talamaqda davam etdilər. Keçmiş Dağlıq Qarabağ və onun ətraf ərazilərinin işğalı nəticəsində mədəniyyət abidələri, məscid və məbədlər dağıdıldı. Demək olar ki, işğal olunan bütün ərazilərin infrastrukturu tamamilə məhv edildi. Ümumilikdə, Azərbaycana dəyəri milyardlarla ölçülən zərər vuruldu. Lakin bunların heç biri xalqımıza vurulan mənəvi zərərdən çox ola bilməzdi...

Ermənilər işğal dövründə həm də Azərbaycanın meşə ehtiyatlarını məhv etdilər. Azərbaycan torpaqları təbiətinə, iqliminə görə ən gözəl ölkələr sırasındadır və unutmayaq ki, bir ölkənin inkişafını, ticari əlaqələrini təmin eden elə bu təbii ehtiyatlardır. Ermənilərin bu ehtiyatları acımadan yağmalaması, tarimar etməsi onların yağı millət olduğunu hər gün sübut edirdi. Ermənistan öz yerli əhalinisinin tələbatını Azərbaycanın təbii yataqları, meşələri sayəsində təmin edirdi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi də o zaman talançılıqla bağlı çoxlu faktlar üzə çıxarmışdı. Nazirliyin operativ heyəti müxtəlif vasitələrlə aparılan videoçəkilişləri izləmiş, təhlil etmiş və ürək parçalayan detalların şahidi olmuşdur. Hansı ki, qorunması, çoxaldılması vacib olan nadir ağaclar, müalicəvi əhəmiyyətli bitkilər vəhşicəsinə məhv edilmişdir. Bundan başqa, iri meşə sahələri düzən halına salınmış, kəsilən ağaclar ya məişət ehtiyacları üçün istifadə olunmuş, ya da satışa göndərilmişdi. Bir sözlə, Ermənistan Azərbaycana qarşı həm də ekoloji terror törətmişdir.

Təbii ki, bu, bir xalq olaraq bizə çox ağır təsir edirdi. Odur ki, bir gün bu cinayətlərin sonu gəlməli idi və nəhayət, daim öz yurduna qayıtmaq ümidi ilə yaşayan Azərbaycan xalqı buna nail oldu. Ötən il sentyabrın 27-də erməni silahlı qüvvələrinə qarşı əks-hücum əməliyyatlarının başlaması ilə bütün xalq səfərbər olundu. Milli hərəkata çevrilən Vətən müharibəsi ilə Şanlı Azərbaycan Ordusu cəmi 44 günə Ermənistan ordusunu darmadağın etdi və erməni işğalına son qoydu. Tarixi zəfərlə xalqımızın 30 illik yarası sarıldı, ölkəmizin ərazi bütövlüyü təmin edildi.

Bəli, işğaldan azad edilən ərazilərdə gördüklərimizə inana bilmədik, yaşayış məskənlərimizi necə xarabalığa çevirdiklərini göz yaşı ilə, ürəyimiz parçalanaraq izlədik. Lakin izləməklə kifayətlənmirik. Çünki Qarabağda həyat yenidən başlayacaq. Artıq bir ilə yaxındır ki, bu istiqamətdə çox sürətli işlər görülür, infrastruktur yaradılır, yeni yollar, kəndlər, hava limanları salınır.

Bunlarla yanaşı, təbii ki, təcavüzə məruz qalmış qoruq və yasaqlıqlar, müşələr də yenidən bərpa edilir. Bu işlər çərçivəsində ötən il "Qarabağ meşələrini qoruyaq!" adlı beynəlxalq kampaniyaya start verildi. Bu hərəkatın məramı dünya ictimaiyyətinin diqqətini Qarabağ meşələrində baş verən eko-terrora yönəltməkdir. Bunun üçün Avropa Parlamenti Yaşıllar – Azad Avropa Birliyi fraksiyası, eləcə də fraksiyaya üzv olan 16 ölkəyə (Almaniya, Fransa, Avstriya və s.) xüsusi məktub və təqdimatlar göndərilmişdir. Bundan başqa, məşhur sosial media platformaları üzərindən #StopArmenianEcoTerrorism həştəqləri ilə aktiv və ardıcıl paylaşımlar edilmişdir.

Bu arada, qeyd edək ki, işğal dövründə ağacların kütləvi qırılması nəticəsində respublika meşələrinin ümumi sahəsi 175 min hektara qədər azalıb.

Bəs, meşə sahələrini necə artıra və qoruya bilərik? Bunun üçün Dövlət tərəfindən "2020-2026-cı illərdə Qarabağda meşə fondunun kütləvi şəkildə bərpası proqramı" hazırlanıb. Qarabağ üçün nəzərdə tutulmuş əkin materialları və toxumlarından bu ilin yaz aylarından başlayaraq istifadə olunub. Kütləvi əkin-biçin işlərinə Zəngilan rayonundan start verilib. Bundan başqa, Türkiyənin Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə Cəbrayıl şəhərinin ətrafında 20 hektar ərazidə "Dostluq meşəsi" salınmağa başlanıb. Burada örtülü şəkildə fidanlar yetişdirilməsi nəzərdə tutulub. Şuşada, Topxana meşəsində isə ağacəkmə kampaniyası zamanı 3 hektar ərazidə dağdağan, göyruş, saqqız ağacı, qarağac əkilib. Eləcə də əraziyə 100 kiloqram palıd toxumu da səpilib. Ağdamda isə Şərq çinarına üstünliük verilməklə, 1000-ə dək müxtəlifcinsli ağac növləri əkilib. Hazırlanan plana əsasən, Füzuli, Şərqi Zəngəzur və digər ərzilərdə də ağac əkimi davam etdirilib. Təbii ki, ən böyük üstünlük Qarabağın torpaq-iqlim şəraitinin, yeni meşə zolaqlarının salınması üçün olduqca əlverişli olmasıdır.

Ətraf mühitin ən önəmli resursu sayılan meşələrin bərpası ilk olaraq atmosferdəki qaz balansının pozulmasının, baş verəcək iqlim dəyişikliyinin miqyasının və səhralaşmanın azalmasının qarşısını alacaq. İnsanların rahat həyat şəraitini qurmasına kömək edecək. Belə meşə zolaqlarının salınması yeyinti və ağac emalı sənayelərini xammal ilə təmin etmək üçün əhəmiyyətlidir və yeni iş yerlərinin açılmasına da təkan verəcək.

Meşə sahələrini artırmağın və qorumağın başqa bir yolu da əhalini tam şəkildə enerji ilə təmin etməkdir. Qanunsuz ağac tədarükünün də qarşısı alınmalıdır. Ağac materialları ilə əlaqəli bizneslərin qurulması zamanı isə tez yetişən ağac növlərindən istifadə edilməsi daha məqsədəuyğundur.

Beləliklə, infrastrukturu tamamilə məhv edilmiş Qarabağın yenidən bərpası və dirçəldilməsi üçün hər birimiz bir vətəndaş olaraq üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməliyik.

Aida Hüseynova

Məqalədə:
Xəbər lenti

Xəbər lenti