Bakı. Samir Əli - Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə, Konsulluq idarəsinin sabiq vəzifəli şəxsi Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə müdafiə çıxışı edən təqsirləndirilən Fərhad Mollazadənin vəkili Kamandar Nəsibov bildirib ki, cinayət işi üzrə 2 milyon 500 manat məbləğində dəymiş ziyan müvəkkili tərəfindən ödənilib, həmçinin Fərhad Mollazadə qanunsuz əldə etdiyi pulları özünə sərf etməyib.
"Fərhad Mollazadə ifadələrində də dedi ki, mənimsəmə kimi yazılan məbləğ təsərrüfat işlərinə və digər xərclərə sərf olunub. Yəni həmin pullar aidiyyəti üzrə xərclənib. Müvəkkilimin elə bir imkanı da yoxdur. Bunun nə fərdi maşını var, nə də şəxsi evi. Atasından qalan bir mülk vardı, onu da satıb ziyanı ödədi", - deyə vəkil bildirib.
Kamandar Nəsibov hökm çıxarararkən müvəkkilinin məhkəmə prosesi müddətində rahat ifadə verməsini, istintaqın gedişinə mane olmadığını və dəymiş ziyanı ödədiyini nəzərə almağı məhkəmədən xahiş edib.
Daha sonra təqsirləndirilən şəxs Səlim Əlizadənin vəkili müvəkkilinə həbs olmayan cəzanın verilməsini xahiş edib: "Səlim Əlizadə icraçı olub, ona konkret göstəriş veriblər ki, bu işi gör, o da görüb. Əldə olunan pullara da nazirlik üçün xeyli işlər görülüb. İndi hamının götürdüyü işlər bu iki nəfərin üstündə qalıb".
Prosesdə son söz deyən təqsirləndirilən Fərhad Mollazadə əməlindən peşman olduğunu deyib: "Kamandar Nəsibovun dedikləri ilə tamamilə razıyam. Etdiyim əməldən də çox pesmanam. İnanın ki, mən özüm-özümə cəza vermişəm. Xahiş edirəm, qərar qəbul edərkən vəziyətimi nəzərə alasınız".
Təqsirləndirilən Səlim Əlizadə son söz üçün məhkəmədən vaxt istəyib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıblar.
Onlar barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.
Həmin şəxslər barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Daha sonra isə məhkəmənin qərarı ilə onların barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.