Bakı. Trend:
Füzuli rayonunda yol polisi avtomobilinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, martın 13-də saat 14 radələrində Füzuli şəhəri ərazisində Novruz Orucovun idarə etdiyi “Mercedes-Benz” və İ.Hümbətovun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillər toqquşub. Nəticədə N.Orucov və sərnişini Təvəkkül Əliyev hadisə yerində ölüb, digər sürücü və 3 sərnişini xəstəxanasına yerləşdiriliblər.
Hadisə ilə bağlı Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır.
Füzuli Rayon Xəstəxanasından Trend-ə bildiriblər ki, xəsarət alan hər üç şəxs Bakıya təxliyə olunub.
Qəzada kəllə-beyin travması alan Şuşa rayon yol polisinin rəisi İlqar Hümbətov Daxili İşlər Nazirliyinin Hospitalına köçürülüb. Xəsarət alan digər iki nəfər isə şirkət əməkdaşlarıdır. Onlardan biri Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna digəri isə 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Twitter:@FaridZohrabov