...

Cəbrayılda sərhəddə atışma olub, bir nəfər zərərsizləşdirilib (FOTO)

Gündəm Materials 5 Aprel 2022 12:08 (UTC +04:00)
Cəbrayılda sərhəddə atışma olub, bir nəfər zərərsizləşdirilib (FOTO)

Bakı. Trend:

İran-Azərbaycan sərhədini keçməyə cəhd göstərən narkotik qaçaqmalçıları sərhədçilərə atəşə açıb, sərhəd pozucularından biri, İran vətəndaşı zərərsizləşdirilib.

Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, 4 aprel tarixində saat 20:45 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Horadiz” sərhəd dəstə­si­nin Cəbrayıl rayonunun Şıxalıağalı kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadının başçısı əsgər Həsənzadə Fərid Rəhman oğlu və naryadın üzvü əsgər Məhərrəmov Qabil Elgün oğlu tərəfindən 6 nəfər silahlı naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqa­mətində döv­lət sərhədini pozmaları müşahidə olunmuş­dur.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xid­məti əra­zi tam qapadıl­mış­dır. Sərhəd naryadı tərəfindən “Dayan” əmri ve­rilərək sər­həd pozu­cuları təqib edilmiş və havaya xəbərdarlıq atəşi açıl­mış­dır. La­kin sərhəd pozu­cu­ları əmrə tabe olmamış, sərhəd naryadına qarşı od­lu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsdə cəhd etmişlər.

Sərhəd naryadı yaranmış vəziyyətdə yüksək sayıqlıq və şücaət nümayiş etdirmiş, “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq edərək sərhəd pozucularından birini zərərsiz­ləşdirmişdir. Digər 5 nəfər ərazinin sıx qamışlıq, havanın qaranlıq olmasından istifadə edərək ərazidən uzaqlaşmağa müvəffəq olmuşlar.

Zərərsizləşdirilmiş sərhəd pozucusunun İran İslam Respublikasının vətəndaşı 1996-cı il təvəllüdlü Behnam Balai olması müəyyənləşdirilmiş, onun yanında AKM tipli Kalaşnikov avtomatı, 3 ədəd bağlamada çəkisi 32 kiloqram 270 qram külli miqdarda narkotik vasitə aşkar olunmuş­dur.

Hadisə yerindən uzaqlaşmış digər sərhəd pozucularının saxlanılması məqsədilə pilotsuz uçuş aparatlarının tətbiqi ilə xüsusi axtarış qruplarının həyata keçirdiyi intensiv tədbirlər nəticəsində sərhəd pozucularından biri - İİR vətəndaşı Məhəmməd Zarehi Tağı sərhəd­boyu zolaqda qamışlıq sahədə gizləndiyi yerdə aşkarlanaraq saxlanılmış, digər sərhəd pozucularının yerlərinin müəyyən olunması istiqamətində qoşun və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Baş vermiş hadisə barədə sərhəd nümayəndəliyi xətti ilə İran tərəfi məlumatlandırılmışdır.

Fakt üzrə cinayət işi başlanılmış, hazırda DSX və Baş Prokurorluq tərəfindən birgə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti