Bakı. Trend:
Formula 1 Azərbaycan Qran Prisinin təşkilatçısı - Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) rəhbərliyinə dəyişiklik edildiyi açıqlanıb. Yeni dəyişikliyə əsasən, Maqsud Fərzullayev icraçı direktor vəzifəsini icra edən təyin olunub. Son 7 il ərzində bu vəzifədə çalışmış Arif Rəhimov fəaliyyətini özəl sektorda davam edəcək.
Bu barədə Trend-ə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən
məlumat verilib.
Ölkənin bir sıra mötəbər idman tədbirlərinin təşkilində zəngin
təcrübəyə malik olan Maqsud Fərzullayev icraçı direktor vəzifəsini
icra edən təyin olunmaqla bu təcrübəni özü ilə BŞH-yə gətirir. M.
Fərzullayev Milli Gimnastika Arenasında icraçı direktor vəzifəsində
çalışmış, 2015-ci ildə keçirilmiş Avropa oyunları və Bakıda
keçirilmiş 2017 İslam Həmrəyliyi Oyunlarına, eləcə də, 2022-ci il
Formula 1 Azərbaycan Qran Prisinin təşkilat komitəsində fəal
iştirak etməklə bu kimi irimiqyaslı idman tədbirlərinə öz töhfəsini
vermişdir. O, həmçinin, Azərbaycan Respublikası Gənclər və İdman
Nazirliyinin müxtəlif dövlət əhəmiyyətli layihələrində yaxından
iştirak etmişdir.
“Maqsud Fərzullayev artıq uzun illərdir ki, ölkəmizin idman
sahəsinin inkişafında yetərincə təcrübə qazanıb. Əminliklə qeyd edə
bilərəm ki, o, yeni vəzifəsini layiqincə yerinə yetirəcək və mən də
hər zaman ona bu sahədə dəstəyimi göstərməyə hazıram.” – deyə Arif
Rəhimov söyləyib. Öz növbəsində, Bakı Şəhər Halqası Əməliyyat
Şirkətinin bütün heyəti Arif Rəhimova gələcək fəaliyyətində uğurlar
arzulayır.
Xatırladaq ki, yeni yarış təqvimində Formula 1 Azərbaycan Qran Prisi FIA Formula 1 Dünya Çempionatının beşinci yarışıdır və 28-30 aprel, 2023-cü il tarixlərində keçiriləcək. 2016-cı ildəki debütündən etibarən, Formula 1 Azərbaycan Qran Prisi altı il ərzində hər il fərqli qalib olmaqla, bu avtoidmanın ən həyəcanlı və gözlənilməz yarışına çevrilməyi bacarmışdır. Bu ilin iyununda paytaxtımızda uğurla keçirilmiş yarışı 78000 azarkeş izləmiş və yarış hazırkı dünya çempionu Maks Ferstappenin qələbəsi ilə sonlanmışdır.