...

Məqsədimiz təbii sərvətlərimizin ermənilər tərəfindən qanunsuz istismarının qarşısını almaqdır - Aksiya iştirakçısı (VİDEO)

Gündəm Materials 14 Dekabr 2022 14:48 (UTC +04:00)
Məqsədimiz təbii sərvətlərimizin ermənilər tərəfindən qanunsuz istismarının qarşısını almaqdır - Aksiya iştirakçısı (VİDEO)

Bakı. Trend:

Artıq üç gündür ki, aksiyada iştirak edirik. Ekofəallar, QHT üzvləri və gənclər olaraq əsas məqsədimiz təbii sərvətlərimizin ermənilər tərəfindən qanunsuz istismarının qarşısını almaq və monitorinq qrupunun öz işlərini həyata keçirməsinə şərait yaratmaqdır.

Bunu Trend-in Şuşaya ezam olunmuş müxbirinə Laçın yolunda keçirilən etiraz aksiyasının iştirakçısı Aytən Hüseynəliyeva deyib.

O qeyd edib ki, ermənilərin mülki avtomobillərinin, təcili yardım avtomobillərinin ərazidən keçməsinə şərait yaratmağa hazırıq.

“Aksiya iştirakçılarının əlaqə nömrələri internetdə qeyd olunub. Kiminsə şəxsi müayinəsinə və yaxud da ağır xəstəsi olarsa aksiya iştirakçıları ilə əlaqə saxlanıla bilər, ancaq indiyə kimi elə bir məlumat daxil olmayıb” – deyə o qeyd edib.

Qeyd edək ki, Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələri Rusiya sülhməramlılarının Şuşa şəhəri yaxınlığındakı postu yanında etiraz aksiyası keçirirlər. Onlar azərbaycanlı mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə keçirilmiş müzakirələrin nəticəsi olaraq, dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərinə yola düşüb.

Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdu. Lakin heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər. Beləliklə, nəzərdə tutulan ilkin baxış və monitorinq Rusiya sülhməramlıların nəinki lazımi şərait yaratmaması, əksinə, bu prosesin qəsdən pozulması ssenarisində iştirakına görə baş tutmayıb.

Xəbər lenti

Xəbər lenti