Bakı. Trend:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Trend-in məlumatına görə, Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən qapalı prosesdə ifadə verən zərərçəkmiş Etibar Novruzov deyib ki, təqsirləndirilən şəxslə 2004-cü ildə zavodda birgə çalışdığı həmkarı Fuad vasitəsilə tanış olub: "Namaza yeni başlamışdım. İşdə çox da dini söhbət etməyə imkan olmurdu. İşdən sonra Əhmədlidə məclislərdə dini mövzulardan diskussiyalar aparırdıq. Oradakı məclislərin böyük əksəriyyətində Aqil Babayev iştirak edirdi və insanları ələ alırdı. Daha çox mövzular "İmam Mehdi"nin zühuru ilə bağlı idi. Onun dini savadı mənim diqqətimi çox çəkdi. 2006-cı ildə Aqilin yanına gedərək onun "İmam Mehdi" olmasına beyət etdim. Mənə dedi ki, günahlarının bağışlanması üçün zəkat verməlisən. 2021-ci ilin mayına qədər ona zəkat vermişəm. İmkanım yaxşı olduğuna görə 2006-cı ildən 2010-cu ilə qədər hər ay 100 manat zəkat vermişəm. 2010-cu ildə zavoddan çıxandan sonra taksi sürücüsü kimi fəaliyyət göstərdim. Bu səbəbdən 2021-ci ilə kimi 30 manat zəkat verdim. Ümumilikdə isə 9 min 750 manat pul vermişəm. Sonradan xəbər tutdum ki, Aqil zəkatları özü üçün xərcləyir".
A.Babayev zərərçəkmişin dedikləri ilə razı olmadığını söyləyib. Təqsirləndirilən şəxs qeyd edib ki, əksinə, zərərçəkmişin özü onun Buzovna qəsəbəsində yerləşən bağında bağban işləyib.
Daha sonra zərərçəkmiş qismində Telman Nuriyev ifadə verib. Onun sözlərinə görə, o, A.Babayevlə bir məhlədə yaşayıb və eyni sinifdə oxuyublar: "2006-cı ildən 2016-cı ilə kimi ayda 40 manat vermişəm. Ona ümumilikdə 4 min 800 manat zəkat vermişəm. Pulu Polad adlı şəxs vasitəsilə verirdim".
Məhkəmənin növbəti iclası 2023-cü il yanvarın 10-na təyin edilib.
Qeyd edək ki, A.Babayev zərərçəkmişlərə ümumilikdə 2 milyon 500 min manat miqdarında ziyan vurub.
İttihama görə, A.Babayev inanclı insanlar arasında özünü zühur etmiş "12-ci İmam Mehdi" kimi təqdim edib. O, təşkil etdiyi dini məclislərdə guya yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik etmək məqsədi ilə göndərildiyini, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacib olduğunu bildirib. Bu yollarla insanları təsiri altına salan A.Babayev hər ay ona pul ödənişləri edilməsini tələb edib və topladığı maddi vəsaitlərin guya kasıb insanlara onun vasitəsilə paylanıldığı görüntüsü yaradıb.
Hətta A.Babayevin zərərçəkənlərin etibarından sui-istifadə edərək Vətən müharibəsi dövründə şəhid və qazi ailələri üçün guya bina tikib, onların mənzillərlə təmin edilməsi adı altında da külli miqdarda pul vəsaitini ələ keçirdiyi ortaya çıxıb. O, topladığı vəsaitlər hesabına xeyirxah əməllər etmək əvəzinə öz şəxsi güzərarını yaxşılaşdırıb və Bakı şəhərində bahalı mənzillər, avtomobillər alıb. A.Babayevin ətrafında aparılan əlavə araşdırmalar zamanı tabeliyində olan insanların onun sözündən çıxdığı təqdirdə onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.
A.Babayevin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.
O, “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olub.
Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.