...

FHN-in növbəti humanitar yardımları Türkiyəyə yola salınacaq

Gündəm Materials 9 Fevral 2023 19:20 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımları qardaş ölkəyə yola salınacaq.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumat verilib.

Belə ki, təyyarələr və Fövqəladə Hallar Nazirliyinə məxsus xüsusi təyinatlı nəqliyyat vasitələri ilə humanitar yardımların yola salınması üçün hazırlıq işləri görülür.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.

Zəlzələnin ilk günü - fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb. Fevralın 8-də isə Fövqəladə Hallar Nazirliyinin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə göndərilib. Bunlardan əlavə mobil səhra hospitalı və 41 nəfərdən ibarət peşəkar tibbi və qeyri-tibbi heyət, insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salınıb. Daha sonra yardım məqsədilə 13 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi də Türkiyə yola salınıb.

Eyni zamanda Birinci xanım Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım edir. Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərilib.

Bakıda, Gəncədə, Naxçıvanda Türkiyəyə yardım məqsədilə toplama məntəqələri yaradılıb. Azərbaycan vətəndaşları könüllü şəkildə bu yardım məntəqələrinə gələrək yardımlarını edirlər.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar da "Qardaş Köməyi" platforması vasitəsilə öz yardımlarını Türkiyəyə çatdırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti