Bakı. Trend:
Fransanın Azərbaycandakı səfiri Ann Buayon özünün "Twitter" səhifəsində Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib.
Trend xəbər verir ki paylaşımda deyilir:
"Bu gün Xocalı faciəsini yad edən bütün Azərbaycan xalqının qəminə dərin ehtiramımı bildirmək istəyirəm. Davamlı sülhə dialoq və barışıq yolu ilə nail olmaq lazımdır ki, belə hərəkətlər bir daha baş verməsin".
Qeyd edək ki, Xocalı soyqırımından 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.