Bakı. Trend:
Müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə cərimələrin məbləği artırılır.
Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, qeyd olunan pozuntuya görə, fiziki şəxslərin
səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslərin iki
min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər
iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə
edilməsi təklif edilir.
Hazırda isə bu pozuntuya görə, fiziki şəxslər üç yüz manatdan beş
yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki
min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan
iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.