Bakı. Trend:
Bir sıra yerli KİV-də Elmi-Tədqiqat Kardiologiya İnstitutunda yoxlamaların aparıldığı və bir neçə əməkdaşın işdən çıxarılması ilə bağlı iddialar yayılıb.
Kardiologiya İnstitutunun Mətbuat Xİdmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının Prezidentinin 2022-ci il 13 may tarixli Fərmanına əsasən elmi-tədqiqat institutları Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilmişdir və bunu rəhbər tutaraq bu müəssisələrdə mərhələli monitorinq aparılır. Artıq elmi-tədqiqat institututların əksəriyyəti monitorinqdən keçirilib və hal-hazırda cari vəziyyətin mərhələli monitorinqi Kardiologiya İnstitutunda bir neçə gün aparılacaq.
Bundan əlavə tibb elmləri doktoru Elman Ələkbərov icbari tibbi
sığortanın şərtlərini qəbul etmədi və öz ərizəsi ilə işdən çıxmaq
qərarını verdi:
"Həkimin ərizəsinin dəfələrlə geri qaytarılmasına baxmayaraq, o
yenə də özəl klinikaya keçməyi qərar verdi. Abdullayeva Rufanə
Rufulla qızı digər tibb müəssisəsinə yüksək vəzifəyə keçdiyi üçün
öz ərizəsi ilə işdən ayrılıb.
Afaq Qəhrəmanova Kardiologiya İnstitutu ilə yanaşı digər tibb müəssisəsində işlədiyi üçün, iş qrafiki uyğun gəlmədi. Bu səbəbdən də o, bizim müəssisədəki işindən ayrıldı.
Afət Quliyeva yaşı və ailə vəziyyəti ilə əlaqədar olaraq məsafənin uzaqlığını arqument gətirərək yaşadığı ünvana daha yaxın tibb müəssisəndə işləmək üçün öz ərizəsi ilə işdən çıxıb. Adları sadalanan şəxslərin işdən ayrılması isə bu il yox, 2021- 2022-ci illərdə baş verib"- deyə məlumatda qeyd olunub.
Məlumatda o da qeyd edilib ki, yayılan məlumatlar həqiqətləri əks etdirmir və qərəzli olaraq böhtan xarakterli yazılıb. Kardiologiya İnstitutu hazırda yüksək səviyyədə vətəndaşlara xidmət göstərir.