Bakı. Trend:
Mərkəzi Nəbatat Bağı ərazisində qeyri-qanuni tikilən Şəki, Qəbələ restoranları və avtomobil təmiri sexləri sökülüb, həmin ərazidə isə yaşıllaşdırma aparılacaq.
Trend-in müxbiri Mərkəzi Nəbatat Bağında görülən və aparılacaq işlərlə tanış olub.
Qeyd edək ki, yuxarıda göstərilənlərdən əlavə, Bağda göl salınacaq və amfiteatrın inşası da nəzərdə tutulur. Həmçinin ərazidə uşaqlar üçün meydança da salınacaq.
Aparılacaq işlər çərçivəsində Mərkəzi Nəbatat Bağında qəzalı vəziyyətdə olan bir və iki mərtəbəli 10-na yaxın bina artıq sökülüb və onların ərazisində yaşıllıqlar salınacaq.
Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov mövzu barədə danışaraq deyib ki, Mərkəzi Nəbatat Bağı ərazisində hər hansı ictimai iaşə obyektinin tikilməsi nəzərdə tutulmur. Təsdiqlənmiş layihə əsasında geniş yenidənqurma işləri çərçivəsində park içərisində geniş meşə və yaşıllıq örtüyü yaradılır, ağacların sayı artırılır.
O bildirib ki, Nəbatat Bağında insanların asudə vaxtını səmərəli keçirmələri üçün işlər görülür. Ərazidə alimlər və mütəxəssislər işləyir, analizlər aparırlar.
“Bağda böyük arenjeriya olacaq. Arenjeriyanın birində tropik, digərində isə subtropik bitkilər saxlanılacaq. Əraziyə gələn insanlar isə həm bağı gəzəcək, həm də bitkilərlə tanış olacaqlar”, - deyə E.İmanov qeyd edib.
Elm və təhsil nazirliyinin nəzdində Botanika İnstitutunun direktoru Səyyarə İbadullayeva isə bildirib ki, Botanika İnstitutunun sökülməsi ilə bağlı şaiyələrin həqiqəti əks etdirmir . Həmçinin Səyyarə İbadullayeva Baki Şəhər İcra Hakimiyyəti Başçısı Eldar Əzizovun onlarla görüşdüyünü və onların problemləri ilə marağlandığını bildirdi.
Mərkəzi Nəbatat Bağında Qida və dərman bitkiləri biokimyası laboratoriyasının müdiri, biologiya elmləri doktoru Həsən Babayev isə bağda xəstə ağaclar barədə danışıb. O bildirib: “Xəstə ağaclar əsasən Eldar şamı və sərv, ümumilikdə isə iynəyarpaqlılardır. Ağacların xəstələnməsi və quruması bu yaxınlarda deyil, illər öncə baş verib. Xəstəliklərlə mübarizə isə 2021-ci ilin sonlarından başlayıb. Qurumuş 94ağac üçün rəy verilmişdi, onlardan 65-i götürülüb. Ağaclarda olan xəstəliklər təkcə bizim ölkədə deyil. Bu proseslər Gürcüstanda, Türkiyədə, Rusiyada, İspaniyada, ABŞ-da, Almaniyada, Yunanıstanda və digər ölkələrdə də gedir. Alimlər və mütəxəssislər xəstəliklərlə bağlı iş aparırlar. Türkiyədən, Rusiyadan və İsraildən olan mütəxəssisləri monitorinq üçün ölkəmizə dəvət etmişdik.
Biz mütəmadi olaraq ağacları müayinə edirik. İnyeksiya olunmuş ağaclarda müəyyən inkişaf var. Belə ki, ağaclarda olan quruma və digər mənfi proseslər inyeksiya vasitəsilə dayanır. Xəstəliyi olan və sağalmayan ağaclar isə utilizasiya olunur. Təkcə Bakında ötən il 3 min ağac kəsilərək utilizasiya edilib”.
Onu da qeyd edək ki, Baki İH əməkdaşları ilə birlikdə nəbatət bağında qəzinti zamanı tərəfimizdən heç bir sağlam ağacın kəsilməsi faktını müşahidə etmədik. Kəsilən ağaclar əsasən quru və ya xəstə ağaclar idi.