Bakı. Trend:
Bu gün Azərbaycanın ümumtəhsil məktəblərində tədris ilinin “Son zəng”i çalınır. Ölkənin ümumtəhsil müəssisələrinin XI sinfini 98649 şagird bitirir.
Bugünkü günlə əlaqədar Bakıdakı hədiyyə, gül, mağazalarında canlanma müşahidə olunur.
“Son zəng” günü onbirincilər bir-birlərinə, müəllimlərinə və birincilərə müxtəlif hədiyyələr verirlər.
Qiymətləri, alıcılıq qabiliyyətini öyrənmək üçün Trend-in əməkdaşı metronun "Neftçilər" stansiyası yaxınlığındakı mağazalara üz tutub.
Gül dükanının satıcıları bildiriblər ki, dünəndən dükanlarda sıxlıq müşahidə olunur. “Son zəng”lə bağlı xeyli sifariş var. Satıcı mağazada hər qiymətə gül satdıqlarını söyləyir. Əsasən qızılgül, zanbaqdan hazırlanan dəstələrə tələb var.
Buketlərin qiyməti 20-100 manat arası dəyişir. Gül səbətlərinin qiyməti 60-90 manat, dibçəkdəki güllərin qiyməti 15 manatdan, tək qızılgülün qiyməti üç manatdan başlayır.
Satıcı bildirir ki, məzunlar daha çox hədiyyə oyuncaqlarla maraqlanırlar. Oyuncaq maşınların qiyməti 15 manatdan, qızlar üçün isə oyuncaq kuklaların qiyməti 20 manatdan başlayır.