...

Gələcəkdə metro qatarları radiodalğalarla idarə olunacaq - “Bakı Metropoliteni”nin sədr müavini (ÖZƏL)

Gündəm Materials 4 Noyabr 2023 15:35 (UTC +04:00)
Gələcəkdə metro qatarları radiodalğalarla idarə olunacaq - “Bakı Metropoliteni”nin sədr müavini (ÖZƏL)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Metropoliten sistemində hər bir qatarın təhlükəsiz hərəkətini təmin etmək üçün onun işarəvermə sistemi ən vacib amillərdən biridir. Uzun illər bizim qatarların hərəkəti avtobloklama sistemi ilə təşkil olunurdu. Təbii ki, sonradan bizdə də sistemin təkmilləşdirmə işləri aparıldı və dünyanın bir çox ölkələrində olduğu kimi SAT (sürətin avtomatik tənzimlənməsi) sisteminə keçid oldu.

Bunu Trend-ə özəl müsahibəsində “Bakı Metropoliteni”QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib.

Onun sözlərinə görə, bu, avtobloklama ilə müqayisədə daha təkmilləşdirilmiş idarəetmə sistemidir. Əvvəlki sistem belə idi ki, qatarlar iki maşinist tərəfindən idarə olunurdu. Hazırki sistem isə tək maşinist tərəfindən idarəetməyə imkan verir və təhlükəsizlik baxımından daha təkmil və dayanıqlıdır. Metro tunellərində qatarın dayanması, əyləcləmə sisteminin işə düşməsi də bu sistemin təhlükəsizlik tələblərindən irəli gəlir.

"Bu yolla qatarlar arasındakı məsafə qorunub saxlanılır və sərnişinlərin təhlükəsizliyi təmin olunur. Bu yaxınlarda Moskva metrosunda baş verən qəzanın da səbəbi bu idarəetmə sisteminin söndürülməsi olmuşdu. Sistem söndürüldüyündən qatar digər qatarla toqquşmuşdu. Kənar müdaxilə olmasa, bu sistemin insanların təhlükəsizliyi üçün kifayət qədər yetərlidir.

Qeyd edim ki, təkmilləşdirmə yerində saymır. Artıq istifadəyə verilən Bənövşəyi xətdə SAT sistemi ilə yanaşı, CBTC sisteminin elementlərindən istifadə olunur. Gələcəkdə xətdə qatarlar yalnız CBTC, başqa sözlə, radiodalğalarla idarə olunacaq. Bakı metropoliteni daim olaraq dünyadakı qabaqcıl yeniliklərlə maraqlanır və eyni zamanda onun əməli tətbiqi üzərində işlər görür", - deyə sədr müavini əlavə edib..

Məqalədə:
Xəbər lenti

Xəbər lenti