...

Bakı şəhər prokurorluğunun 2023-cü ilin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib (FOTO)

Gündəm Materials 17 Yanvar 2024 16:44 (UTC +04:00)
Bakı şəhər prokurorluğunun 2023-cü ilin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib (FOTO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Yanvar ayının 17-də Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin rəhbərliyi ilə Bakı şəhər prokurorluğu və Bakı şəhərinin rayon prokurorluqlarının əməkdaşlarının iştirakı ilə 2023-cü ilin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib.

Müşavirə iştirakçıları tərəfindən öncə Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyünün təmini uğrunda aparılmış mübarizədə şəhid olmuş əsgər və zabitlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad edilib.

Müşavirəni giriş nitqi ilə açan Baş prokuror Kamran Əliyev bildirmişdir ki, başa vurduğumuz 2023-cü il Azərbaycan dövləti və Azərbaycan xalqı üçün ən uğurlu illərdən biri olmuşdur. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinin böyük təntənə ilə qeyd edildiyi 2023-cü ildə ölkəmizin həyatında bir sıra önəmli hadisələr baş vermiş, bunlardan ən önəmlisi Azərbaycan Respublikasının bütün ölkə ərazisi üzrə suverenliyinin bərpa edilməsi olmuşdur. 2023-cü ilin oktyabr ayının 15-də, ölkəyə rəhbərlik etməsinin 20 illiyinin tamam olduğu gün isə Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev tərəfindən dövlət bayrağımız tarixi Azərbaycan torpaqları olan Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndidə qaldırılıb.

Çıxışda həmçinin qeyd edilmişdir ki, Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydanına çevrilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə şəhərlərimiz və kəndlərimiz yenidən qurulmaqla, beş mindən artıq keçmiş məcburi köçkün öz doğma yurd-yuvalarına qayıdıb.

Çıxışda vurğulanmışdır ki, “Yaşıl dünya naminə həmrəylik ili” olan 2024-cü ildə növbədənkənar prezident seçkilərinin keçirilməsi və COP29 beynəlxalq konfransının Bakı şəhərində keçirilməsi prokurorluq orqanlarının, o cümlədən paytaxtın prokurorluq orqanlarının qarşısında mühüm vəzifələr qoyur.

Müşavirədə çıxış edən Bakı şəhər prokuroru Elşən Abbasov hesabat dövründə paytaxtın prokurorluq orqanlarının digər hüquq mühafizə orqanları ilə birlikdə cinayətkarlığa qarşı mübarizə, vətəndaş məmnunluğunun təmin olunması, Baş prokurorun rəhbər göstərişlərinin icrası istiqamətində görülən işlər barədə məlumat verib.

Qeyd olunmuşdur ki, 2023-cü il ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 15 min 759 cinayət hadisəsi törədilmişdir ki, onların 87,4 %-nin açılması təmin olunub.

Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində 2023-cü ildə törədilən 51 qəsdən adam öldürmə cinayətlərindən 50-nin və 23 qəsdən adam öldürməyə cəhd cinayətlərinin hamısının, həmçinin ötən illərdən bağlı qalan 1 qəsdən adam öldürmə cinayətinin açılması təmin edilib.

Qeyd edilmişdir ki, ümumilikdə şəhərin prokurorluq orqanları tərəfindən hesabat dövründə 279 cinayət işinin ibtidai istintaqı tamamlanmış, onlardan 197 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilmişdir. Bakı şəhəri üzrə prokurorluq orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş 7 milyon 151 min 170 manat məbləğində maddi ziyanın 5 milyon 141 min 511 manatının və ya 71,9 %-nin ödənilməsi təmin olunub.

Həmçinin hesabat dövründə Bakı şəhərinin rayon prokurorluqlarının icraatında olan cinayət təqibi materialları üzrə qanunvericiliyə müvafiq olaraq şəxsin məsuliyyətdən azad olunması üçün dövlət büdcəsinə 442 min 748 manat pul vəsaiti ödənilmişdir.

Xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı tələbkarlıq artırılmış, şəhər prokurorluq orqanları əməkdaşlarından 6 nəfər intizam məsuliyyətinə cəlb olunmuş, onlardan 1 nəfərə töhmət, 3 nəfərə şiddətli töhmət verilmiş, 1 nəfərə irad tutulmuş, 1 nəfər tutduğu vəzifədən azad edilib.

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev şəhər prokurorluğunun struktur qurumları və tabe rayon prokurorluqlarının hər birinin fəaliyyətini təhlil edərək cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti, müraciətlərə baxılması, vətəndaşların qəbulu, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi sahəsində işlərin səmərəliliyinin daha da artırılması istiqamətində konkret tapşırıqlar verib.

Xəbər lenti

Xəbər lenti